PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci il FIFA Klub Dünya Kubokunun yarımfinal oyununda “Real” üzərində darmadağını (4:0) şərh edib.
Arena.az “The Guardian” nəşrinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mənim telefonum “Barselona” azarkeşlərinin ismarışları ilə doludur ki, bu da oyunun vacibliyindən xəbər verir. Loqo naminə bütün güc-qüvvəni ortaya qoyursan. Həm də biz Madrid “Real”ının necə bir komanda olduğunu, onların nə təcəssüm etdirdiyini və həmişə də etdirəcəyini bilirik, onların əzəmətinə bələdik. Müvafiq oyunları keçirmək həmişə çətindir. Biz dayanıb-durmurduq, amma əlbəttə, isti havanı, üç gündən sonra keçiriləcək final oyununu, qıcolmaları və yorğunluq təhlükəsini nəzərə alaraq, ehtiyatla fəaliyyət göstərmək gərək idi. Birincisi – məqsəd idi, məhz finala yüksəlmək və mübarizə aparmaq. Amma indi heç bir halda dayınmaq olmaz. İndi biz öz məqsədimizə yaxınıq və tarix yazmaq, sonra isə dincəlmək istəyirik”, deyə Luis Enrike vurğulayıb.
Beləliklə, İspaniya nəhəngi “Real” klublararası dünya çempionatı ilə vidalaşıb. Finala vəsiqə qazanmış PSJ isə həlledici oyunda “Çelsi” ilə qarşılaşacaq.
Xatırladaq ki, yarışın final oyunu iyulun 13-də ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda keçiriləcək.