“Çelye”nin baş məşqçisi Albert Riera Avropa Liqasının I təsnifat mərhələsində sabah “Sabah”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransı təşkil olunub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:
– “Sabah”ı təhlil edərkən rəqibin zəif və güclü tərəflərinin hansılar olduğunu gördüz?
– Mənim futbolçu olduğum dönəmdə rəqiblər barədə məlumat toplamaq bu qədər asan deyildi. Amma indi o qədər platformalar var ki, istənilən rəqib haqda məlumat əldə edə bilirsən. “Sabah”ı yaxşı tanıyırıq. Rəqibi təhlil etmişik. Mənim keçmiş klubum “Qalatasaray”da oynamış Cesse Sekidika da “Sabah”da çıxış edir. Mən “Qalatasaray”da olanda o da bizimlə idi. Komandam sabahkı oyuna tam hazırdır.
– “Çelye”nin heyətində ötən mövsümlə müqayisədə xeyli dəyişikliklər var. “Sabah” isə heyətini qoruyub. Sizcə, bu oyuna necə təsir edəcək?
– Üç əsas futbolçu komandanı tərk etdi. Amma heyətə yeni oyunçular cəlb etmişik. Dəyişikliklər inkişaf üçün nəzərdə tutulub. Nikbin düşünürük. Bu dəyişikliklər oyunumuza müsbət təsir edəcək.
– “Sabah” avrokuboklarda əvvəlki mövsümlərdə güclü rəqibləri məğlub edib. Bu amil sizi qorxutmur?
– Biz də güclü ölkələrin təmsilçilərinə qarşı oynamışıq. Bu, hansısa komandanı dəyərləndirməyə o qədər də əsas vermir. “Sabah”ın Azərbaycan Kubokunun qalibi olduğunu bilirik. Rəqibə hörmət edirik. Amma bizim də kifayət qədər gücümüz var. Bütün suallara cavab görüşündə aydınlıq gələcək. Ona görə ağıllı oynamalıyıq.
“Sabah” – “Çelye” oyunu saat 20:00-da start götürəcək.