“Çelye”nin baş məşqçisi Albert Riera Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyundan gözləntilərini paylaşıb.
Arena.az xəbər verir ki, Sloveniya və Azərbaycan komandaları arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.
Albert Riera bu gün matçdan öncə keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Mənim futbolçu olduğum dönəmdə rəqiblər barədə məlumat toplamaq bu qədər asan deyildi. Amma indi o qədər platformalar var ki, istənilən rəqib haqda məlumat əldə edə bilirsən. “Sabah” barədə kifayət qədər məlumatımız var. Rəqibi təhlil etmişik. Mənim keçmiş klubum “Qalatasaray”da oynamış Kesse Sekidika da “Sabah”da çıxış edir. Komandam sabahkı oyuna tam hazırdır”.
Albert Riera “Çelye”nin heyətində ötən mövsümlə müqayisədə xeyli dəyişiklik olmasına da toxunub:
“Üç əsas futbolçu komandanı tərk etdi. Amma heyətə yeni oyunçular cəlb etmişik. Dəyişikliklər inkişaf üçün nəzərdə tutulub. Nikbin düşünürük. Bu dəyişikliklər oyunumuza müsbət təsir edəcək”.
İspan mütəxəssis “Sabah”ı dəyərləndirməyi də unutmayıb: “Sabah” kimi biz də əvvəllər güclü ölkələrin təmsilçilərinə qarşı oynamışıq. Bu, hansısa komandanı dəyərləndirməyə o qədər də əsas vermir. “Sabah”ın Azərbaycan Kubokunun qalibi olduğunu bilirik. Rəqibə hörmət edirik. Amma bizim də kifayət qədər gücümüz var. Bütün suallara cavab görüşündə aydınlıq gələcək”.
Albert Riera ilə yanaşı mətbuat konfransına qatılmış “Çelye”nin futbolçusu Mark Zabukovnik isə bunları söyləyib:
“Qısa olsa da, hazırlıq prosesini uğurla başa vurduq. Həm fiziki, həm də taktiki cəhətdən yeni mövsümə hazırıq. Komandada hər şey yaxşıdır. Həm meydanda, həm də meydandan kənarda komanda olaraq bir-birimizə çox yaxşı uyğunlaşmışıq. Sabahkı oyuna tam hazırıq. Yaxşı nəticə əldə etmək üçün bacardığımız hər şeyi ortaya qoyacağıq.
“Sabah”la rəqib olmazdan əvvəl Azərbaycan futbolu haqqında məlumatım yox idi. Amma püşkdən sonra rəqibimiz haqda məlumatlar toplamağa başladıq. “Sabah”ın güclü və zəif tərəflərini təhlil etmişik”.