“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev bu gün “Bayburtspor”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xatırladır ki, bu gün Ərzurumda “Bayburtspor”la yoxlama oyunu keçirən Naxçıvan təmsilçisi 14:0 hesabı ilə qələbə qazanıb.
Elmar Baxşıyev qarşılaşmadan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda, ikinci məşqi isə meydanda reallaşdırırlar. Bu, ilk yoxlama oyunumuz idi. Əlbəttə, rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik. Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsidir. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik”.