"Onları hava limanında çiçəklərlə qarşılayan kişi heç də qohumları deyildi, bu, şəxsən Vladimir Putin idi..."
Argentinada qurulmuş uydurma ailə modeli slavyan casus şəbəkəsinin Avropaya sızması üçün necə istifadə edildi və niyə bu oyun bir gün dağıldı?..
2024-cü il avqustun 1-də Moskvaya enən təyyarədəki ailə üçün bu sadəcə bir səyahət deyildi. Bu onların həyatındakı illüziyaların sona çatdığı gündür. İki uşaq - Sofiya və Daniel ilk dəfə eşitdilər ki, valideynləri əslində Argentina vətəndaşı deyil, Rusiyanın təcrübəli kəşfiyyat əməkdaşlarıdır. Onlar casusluq həyatına doğulub, lakin bunu heç vaxt bilməyib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşrində dərc edilən məqalədə deyilir.
Uçuş zamanı açıqlanan həqiqət
Onları hava limanında çiçəklərkə qarşılayan kişi heç də qohumları deyildi, bu, şəxsən Vladimir Putin idi. Rusiya prezidenti bu ailəni qürurla qarşılayırdı, çünki onların illərlə davam edən susqun əməliyyatı uğurla başa çatmış, çətinliklərlə dolu "sədaqət missiyası" sona yetmişdi.
"Əfsanə" - yalanla toxunmuş maska
Əsl adları Artyom və Anna olan Dultsev cütlüyü 2010-cu illərdə Argentinada yeni həyat qurmağa başlayıb, özlərini "Lüdvig Qiş" və "Marya Mayyer" kimi təqdim edib. Onlar guya Namibiyada və Yunanıstanda doğulub, Argentinada böyüyüblər. Hətta saxta sənədlərlə evlənib, uşaqlarını bu yalanın içində böyüdüb.
Bütün bu ssenari isə təkcə Argentinanı aldatmaq üçün deyildi. Əsl məqsəd Avropa İttifaqının və NATO-nun üzvü olan Sloveniya kimi ölkələrə nüfuz etmək üçün etibarlı, şübhə doğurmayan "örtük həyat" qurmaq idi.
Argentinalı araşdırmaçı jurnalist Uqo Alkonada Mon bu həyatı "hörümçək toru kimi toxunmuş yalanlar sistemi" adlandırır. O, onların həyatını təfərrüatları ilə araşdıraraq "Tопос" adlı kitabda nəşr edib.
Məqsəd - enerji, əlaqə, informasiya
Dültsevlər sadəcə sakit qonşular olmayıb. Onlar uşaqlarını neft və qaz sektorlarında çalışan valideynlərin övladlarının oxuduğu məktəblərə yazdırır, bu valideynlər barədə Moskvaya hesabatlar göndərirdilər. Daha sonra Sloveniya məktəbində də eyni sxemi təkrarlayıb, bu dəfə hədəfdə Avropa İttifaqının enerji agentliyində çalışan bir şəxsin ailəsi olub.
Bundan başqa, onların yaşadıqları evin və işlədikləri ofisin damında quraşdırılmış qeyri-qanuni antenalar diqqət çəkib. Bu antenaların Rusiya ticarət nümayəndəliyinə istiqamətlənməsi ehtimalı araşdırmalar üçün əsas olub - onlar bu yolla məlumat ötürə bilərdilərmi?
Bir uğursuzluğun anatomiyası
2022-ci ildə Sloveniya xüsusi xidmət orqanları onların izinə düşeb. İki ehtimal vardı: ya onlardan biri başqa bir casus vasitəsilə ifşa edilib, ya da sadəcə yanlış anda, yanlış yerdə görünərək diqqət cəlb edib. Nəticədə Dültsevlər tutulub, ailə parçalanıb və uşaqlar sosial xidmətlərin himayəsinə verilib.
Sonradan bütün ailə Rusiya ilə Qərb arasında həyata keçirilən məxfi casus dəyişdirmə əməliyyatı ilə Moskvaya qaytarılıb. Bu, Berlin Divarının süqutundan bəri ən iri casus dəyişmələrindən biri sayılıb.
"Amerikalılar" serialı real həyatda
Dültsevlərin həyatı, əslində, məşhur "Amerikalılar" serialının real prototipi idi. Onlar illərlə uşaqlarına və ətrafdakı insanlara özlərini "adi insanlar" kimi göstərib. Uşaqlar isə bu saxta gerçəkliyin ortasında həqiqi emosiyalar yaşayıb. Argentina millisinin məğlubiyyətinə ağlayan Sofiya əslində bu ölkənin övladı idi - onun üçün vətən Argentina idi, Rusiya isə sadəcə bioloji bağlılıqdan ibarət bir ad olub.
Zahiri sadəlik arxasında gizlənən casus dramı
Dültsevlərin Argentinada yerləşdikləri mənzildə və ofisdə iki antena vardı. Heç biri rəsmi qeydiyyatda deyildi. Ən maraqlısı isə bu iki nöqtə arasında çəkilən düz xəttin Rusiyanın Buenos-Ayresdəki ticarət nümayəndəliyinə tuş gəlməsiydi. Bu, sadəcə texniki təsadüf idimi, yoxsa kodlu rabitə xətti?
Jurnalistə danışan qonşular isə bu ailəni sakit, mehriban insanlar kimi xatırlayır. Uşaqlar hər bayramda onlara hədiyyə verər, köçərkən ev mebellərini qonşulara təklif edərdilər. Lakin bu sakit həyatın alt qatında yüksək səviyyəli casusluq oyunu gedirdi.
Uşaq dilemması: kimə sadiq qalmaq?
Rusiyalı ekspert Andrey Soldatov deyir ki, casus ailələrində uşaqlar həmişə problemli sahədir. "Onlara nə zaman və necə demək olar ki, siz əslində casussunuz? Bunu hansı yaşda desən, onları da gələcəkdə casus kimi istifadə etmək mümkün olacaq?" Bu suallar cavabsız qalır. Uşaqlar isə kimlik böhranı ilə böyüyür.
Cavabsız suallar və "gizli əllər"
Bu əməliyyatın arxasında kim durub? Kim alman qəbiristanlığında Elqa Tatşkenin adını tapıb sənədlərdə istifadə edib? Kim Argentina əhalisinin qeydiyyat ofisinə şəxsən gedib orada iz qoymadan saxta doğum sənədi çıxarıb? Bütün bu əməliyyatlarda yerli dəstəyin olduğu açıq görünür, lakin kimliklər hələ də qaranlıqdadır.
"Mən sadəcə sizi dinləmək istəyirəm…"
Uqo Alkonada Mon deyir ki, əgər bir gün Dültsevlərlə danışmaq imkanı olsa, onlara təkcə bunu deyəcək: "Mən sizi dinləyirəm". O, artıq onların hansısa hissəsinin yalan olduğunu bilir, amma bu rolların arxasında hansı gerçəkliyin olduğunu eşitmək istəyir.