AZ

"Lavrovun riyakarlığı və Rusiya diplomatiyasının ikiüzlülüyü" - Ukrayna mətbuatı

"Rusiya XİN rəhbəri BRİKS sammitində Ukrayna müharibəsi, NATO və Avropa ilə bağlı manipulyativ bəyanatlarla yadda qalıb..."

Rusiya xarici işlər naziri Sergey Lavrov BRİKS sammitindən sonra keçirdiyi mətbuat konfransında Qərbi və NATO-nu hədəfə alan, Ukraynaya qarşı təcavüzü isə gizlətməyə çalışan bəyanatlarla çıxış edib.

Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri yazıb.

Lavrovun sözləri Moskvanın illərdir apardığı təcavüzkar siyasəti ört-basdır etməyə cəhdidir.

"Gəmidə üsyan": NATO-da parçalanma iddiası

Lavrov Qərb birliyini sarsıtmaq məqsədilə belə bir bəyanat verib: “NATO daxilində fikir ayrılıqları dərinləşir, sanki gəmidə üsyan yetişir. Artıq bir çox ölkə "sahibin" ideoloji göstərişlərinə deyil, öz milli maraqlarına əsaslanmaq istəyir". Bu açıqlama əslində Kremlin klassik taktikasını - qarşı tərəfdə parçalanma görüntüsü yaratmaq strategiyasını bir daha nümayiş etdirir. Ancaq reallıqda NATO ölkələri Ukraynanın suverenliyi və Avropanın təhlükəsizliyi məsələsində heç vaxt olmadığı qədər birləşmiş vəziyyətdədir. Lavrovun bu bəyanatları isə Rusiyanın öz daxilindəki iqtisadi və siyasi gərginliyi pərdələmək cəhdindən başqa bir şey deyil.

"Rusiya Avropanı işğal etmək istəmir"

Lavrov daha sonra belə deyib: "Bizim Avropaya hücum planlarımız yoxdur. Bu iddiaları səsləndirənlər yəqin ki, bizim planlarımızı özümüzdən daha çox bilir". Bu istehza isə həm gülünc, həm də təhlükəlidir. Çünki eyni ritorika 2014-cü ildə Krımı işğal edən və 2022-ci ildə Ukraynaya tammiqyaslı müharibə başlayan Rusiya tərəfindən də səsləndirilmişdi. Hər dəfə "biz hücum etməyəcəyik" deyərək sonra əksini edən bir dövlətin bu cür bəyanatları artıq beynəlxalq ictimaiyyətdə inam doğurmur.

Lavrovun "sülh" şərtləri təslimçilik manifestidir

Nazir sülh danışıqlarının mümkünlüyündən danışsa da, bu prosesə açıq şərtlərlə yanaşır: Ukraynanın demilitarizasiyası, "denasifikasiyası", Rusiyaya qarşı sanksiyaların ləğvi və Qərbdə dondurulmuş aktivlərin geri qaytarılması. Əslində bu, Rusiya üçün tam qələbə, Ukrayna üçün isə tam təslimlik anlamına gəlir. Bu təkliflərin hüquqi müqavilə şəklində rəsmiləşdirilməsini tələb edən Moskva, müharibənin əsl məqsədinin sülh deyil, öz şərtlərini diktə etmək olduğunu açıq etiraf edir.

Qərbə qarşı manipulyasiya cəhdləri

Lavrov BRİKS sammitində çıxış edən ölkələrin "Ukrayna böhranının əsas səbəblərini getdikcə daha yaxşı anladıqlarını" iddia edib və yenə də əsas günahı NATO-nun şərqə doğru genişlənməsində görüb. O, bu prosesi Ukraynanı "udmaq" və Rusiya sərhədlərində "NATO hərbi maşını" qurmaq cəhdi kimi təqdim edir. Halbuki Ukraynanın NATO-ya yaxınlaşması məhz Rusiyanın təcavüzkar ritorikası və hərbi təzyiqlərinin nəticəsidir, yəni səbəb yox, nəticədir.

Rusiya İran üçün vasitəçi roluna hazırdır

Lavrov bəyan edib ki, Moskva ABŞ və İran arasında nüvə proqramı ətrafındakı gərginliyin azaldılmasına vasitəçi olmağa hazırdır. Onun sözlərinə görə, Rusiya yüksək dərəcədə zənginləşdirilmiş İran uranını öz ərazisinə daşıyaraq onu zəiflədə və daha sonra enerji məqsədli formada İrana qaytara bilər. Bu planın reallaşması üçün həm Vaşinqtonun, həm də Tehranın razılığı tələb olunur. Lavrov həmçinin qeyd edib ki, Rusiya bu texnoloji imkanlara malikdir və təşəbbüsə siyasi iradə olduğu təqdirdə onu həyata keçirməyə hazırdır. Ukraynanı işğal etmiş bir ölkənin indi nüvə vasitəçiliyinə iddia etməsi beynəlxalq etimadı daha da sarsıdır.

İkiüzlü ritorika və manipulyasiya siyasəti

Sergey Lavrovun BRİKS sammitində səsləndirdiyi bəyanatlar Rusiya diplomatiyasının çoxdan tanınan xəttinə - riyakarlıq, məsuliyyətdən yayınma və günahı başqalarının üzərinə atma siyasətinə uyğundur. Əgər Rusiya həqiqətən sülh istəyirsə, ilk növbədə öz qoşunlarını Ukrayna ərazisindən çıxarmalı, beynəlxalq hüquqa hörmət göstərməli və təcavüzkar mövqeyindən əl çəkməlidir. Əks halda, Lavrovun "biz hücum etmək istəmirik" tipli ritorikası nəinki inandırıcıdır, əksinə, daha çox növbəti hücumun anonsu kimi səslənir.

Seçilən
217
50
moderator.az

10Mənbələr