AZ

Tramp İrana zərbə endirmək üçün “yaşıl işıq” yandıra bilər

İsrail İranın nüvə proqramını yenidən başlatmağa çalışacağı təqdirdə əlavə hərbi əməliyyatların mümkünlüyünə hazırlaşır. İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın İrana daha çox zərbə endirmək üçün “yaşıl işıq” yandıra biləcəyinə inanırlar.

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinaən məlumat yayıb.

İsrail rəsmiləri deyiblər ki,baş nazir Beynamin Netanyahu Trampla gələcək ABŞ-İran nüvə danışıqları və İsrailin hərbi zərbələrini bərpa edə biləcəyi kimi mümkün ssenarilər barədə anlaşmaya nail olmaq istəyir.

Mənbələrin bildirdiyinə görə, Netanyahunun baş müşaviri Ron Dermer qapalı brifinqlərdə bildirib ki, onda Vaşinqtona son səfərindən belə təəssürat yaranıb ki, Tramp administrasiyası müəyyən şərtlər daxilində İsrailin İrana daha çox zərbə endirməsini dəstəkləyəcək.

Belə ssenarilərdən biri də İranın Fordo, Natanz və İsfahandakı zədələnmiş ərazilərdən yüksək zənginləşdirilmiş uranı çıxarmağa cəhd etməsi ola bilər. Digəri Tehranın nüvə proqramını, xüsusən də uranı zənginləşdirmə obyektlərini yenidən qurmağa başlaması olardı.

Tramp İsrail və İran arasında 12 günlük müharibədən sonra artıq iki dəfə bildirib ki, Tehran uranın zənginləşdirilməsini bərpa edərsə, ABŞ yenidən hücum edə bilər. Eyni zamanda, o, razılığa gəlməyə və gələcək münaqişələrdən qaçmağa üstünlük verdiyini qeyd edib.

Ron Dermerin görüşlərində əsas məsələlərdən biri İranın 60% zənginləşdirmə ilə təxminən 400 kiloqram yüksək zənginləşdirilmiş urana malik olması idi - silah səviyyəsinə yaxın (təxminən 90%).

İsrail və Amerika rəsmiləri deyirlər ki, bu anbarlar hazırda üç nüvə obyektində "möhürlənib", onların təxminlərinə görə, onlar ciddi zədələnib, lakin bütün materiallar və infrastruktur məhv edilməyib.

İran prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində qeyd edib ki, obyektlər ciddi zədələnib, lakin İranın vəziyyəti dəqiq qiymətləndirmək üçün hələlik onlara çıxışı yoxdur.

ABŞ və İsrail kəşfiyyat agentlikləri materialların çıxarılması və ya istehsalın bərpası cəhdlərini müəyyən etmək üçün İranın nüvə obyektləri ətrafında fəaliyyəti izləməyə davam edir.

Ağ Evin xüsusi elçisi Stiv Vitkoff nüvə danışıqlarını bərpa etmək üçün yaxın günlərdə Osloda İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşməyi planlaşdırır. İran görüşə hazır olduğunu təsdiqləyib, lakin yekun tarix müəyyən edilməyib.

Dermer İsrail rəsmilərinə deyib ki, ABŞ danışıqlar zamanı İran torpaqlarında uranın sıfır zənginləşdirilməsini istəyir.

Seçilən
14
20
modern.az

10Mənbələr