Artıq üç ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında arxeoloji qazıntılar aparılır. Arxeoloji ekspedisiya bu günlərdə Əlişa qalasında mühüm elmi əhəmiyyətə malik, unikal memarlıq nümunəsi – lotusvari formada inşa edilmiş daş hovuz kompleksi aşkar edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli arxeoloji ekspedisiyanın fəaliyyəti ilə tanış olmaq məqsədilə Əlişa qalasına baş çəkib. Səfər zamanı akademik qazıntı sahəsində aparılan tədqiqat işlərinin gedişi, aşkarlanmış memarlıq qalıqları və arxeoloji materiallarla tanış olub, əldə edilən nəticələrin elmi əhəmiyyəti barədə mütəxəssislərlə geniş fikir mübadiləsi aparıb.
AZƏRTAC xəbər verir ki, Astara arxeoloji ekspedisiyasına Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev rəhbərlik edir. O qeyd edib ki, üzə çıxarılan daş hovuz kompleksi çoxləçəkli quruluşa malikdir və ümumilikdə 10 ləçəkdən ibarətdir. Təxminən 1,5 metr diametrə malikdir. Kompleksə daimi su axınını təmin edən daş su arxları və daş plitələrlə döşənmiş əlavə tikililər də daxildir. Araşdırmalara əsasən, bu hovuz kompleksi Azərbaycanda sənədləşdirilmiş unikal su sistemi kimi qiymətləndirilir. Bu tip çoxləçəkli hovuz formasına Yaxın Şərq, İran və Hindistan ərazilərində olan abidələrdə qeydə alınmışdır. Onun Azərbaycan ərazisində ilk dəfə aşkar olunması ölkənin qədim memarlıq və mədəniyyət tarixinin tədqiqi baxımından əhəmiyyətli elmi yenilik sayılır.
“Aparılmış arxeoloji qazıntılar zamanı ərazidə bişmiş kərpicdən hörülmüş, Orta əsrlərə aid 3 otaq da aşkarlanıb. Eyni zamanda, maddi mədəniyyət nümunələri olaraq şirli və şirsiz saxsı nümunələri, kaşılar, eləcə də iki ədəd gümüş sikkə tapılıb”, - deyən Mikayıl Mustafayev bildirib ki, üzə çıxarılan hovuz böyük ehtimalla Sasanilər dövründə intensiv fəaliyyət göstərib.
İnstitutun elmi işçisi Şəfəq Ağayeva ilə söhbət zamanı məlum oldu ki, tapılan boyalı kaşılar onun tarixinin Səlcuqlar dövrünə gedib çıxdığını təsdiqləyir. Kaşı nümunələrində əvvəllər gül-çiçək, heyvan nümunələri təsvir olunurdusa, İslam dövründə ən çox həndəsi, kalliqrafik və nəbati naxışlardan istifadə edilib. Tapılan kaşıda da tünd göy rəngdə gül-çiçək rəsmləri aşkar olunub.
Hazırda Əlişa qalasında arxeoloji qazıntılar davam etdirilir.