Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyasının fəaliyyəti ilə yerində tanış olmaq məqsədilə rayonun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasını ziyarət edib.
AMEA-dən XQ-yə verilən məlumata görə, tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov və başqaları iştirak ediblər.
Səfər zamanı akademik İsa Həbibbəyli qazıntı sahəsində aparılan tədqiqat işlərinin gedişi, aşkarlanmış memarlıq qalıqları və arxeoloji materiallarla yaxından tanış olub, əldə olunan nəticələrin elmi əhəmiyyəti barədə mütəxəssislərlə geniş fikir mübadiləsi aparıb.
Astara arxeoloji ekspedisiyasının rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev ekspedisiyanın fəaliyyət göstərdiyi ərazi və aparılan arxeoloji tədqiqatlar barədə AMEA prezidentinə geniş məlumat verib.
Bildirilib ki, Arxeologiya və Antropologiya İnstitutunun üç ildir ki, fəaliyyət göstərən Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən bu günlərdə Əlişa qalasında aparılan qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik, unikal memarlıq nümunəsi – lotusvari formada inşa edilmiş daş hovuz kompleksi aşkar edilib. Çoxləçəkli quruluşa malik bu hovuz ümumilikdə 10 ləçəkdən ibarət olmaqla, təxminən 1,5 metr diametrdir. Kompleksə, həmçinin, daimi su axınını təmin edən daş su arxları və daş plitələrlə döşənmiş əlavə tikililər də daxildir.
Araşdırmalara əsasən, bu hovuz kompleksi Azərbaycanda sənədləşdirilmiş unikal su sistemi kimi qiymətləndirilir.
Bu tip çoxləçəkli hovuz formasına Yaxın Şərq, İran və Hindistan ərazilərində olan abidələrdə qeydə alınmışdır. Onun ilk dəfə Azərbaycan ərazisində aşkar olunması ölkənin qədim memarlıq və mədəniyyət tarixinin tədqiqi baxımından əhəmiyyətli elmi yenilik hesab olunur.
Aparılmış arxeoloji qazıntılar zamanı ərazidə 3 ədəd bişmiş kərpicdən hörülmüş, orta əsrlərə aid standart otaqlar aşkar edilib. Eyni zamanda, maddi mədəniyyət nümunələri olaraq şirli və şirsiz saxsı nümunələri, kaşılar, eləcə də iki ədəd gümüş sikkə tapılıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ərazi ilə tanışlıqdan sonra aşkar edilmiş abidə kompleksinin tariximizin daha dərindən öyrənilməsi, eləcə də bölgədə erxeoturizmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Abidənin kompleks tədqiq edilməsinin zəruriliyini vurğulayan akademik İsa Həbibbəyli maddi mədəniyyət nümunələri üzərində arxeologiya və etnoqrafiya sahələri ilə yanaşı, memarlıq, dilçilik, folklor istiqamətində də araşdırmalar aparılmasının vacibliyini diqqətə çatdırıb, institut rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, ekspedisiyanın tərkibində AMEA Arxeolgiya və Anropologiya İnstitutunun əməkdaşlarından tarix üzrə fəlsəfə doktorları Namiq Hüseynli və Orxan Əliyev, elmi işçi Lalə Nəsirova, kiçik elmi işçi Şəfəq Ağayeva və böyük laborant Ülkər Camalova da yer alır. AMEA Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin əməkdaşı Nərminə Hüseynova isə Əlişa qalasında etnoqrafik tədqiqatlar aparmaq məqsədilə ekspedisiyaya könüllü olaraq qoşulub.
Əlişa qalasında arxeoloji qazıntılar davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.