Perunun şimalındakı Barranka bölgəsində 3500 il yaşı olan “Peñico” adlı qədim bir şəhər gün üzünə çıxarılıb. Arxeoloqlar bu şəhəri, Amerika qitəsinin ən qədim sivilizasiyası sayılan Caral mədəniyyətinin davamı kimi qiymətləndirirlər.
Xalqcebhesi.az xəbər verir ki, Peñico şəhərinin Pasifik sahili ilə And dağları və Amazon hövzəsindəki yerli icmalar arasında əlaqələndirici bir ticarət mərkəzi olduğu düşünülür. Arxeoloji tapıntılar arasında məbədlər, mərasim obyektləri və ictimai tikililər yer alır.
Paytaxt Limadan təxminən 200 km şimalda, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən Peñico, e.ə. 1800–1500-cü illər arasında qurulub. Bu dövr, Mesopotamiya, Misir, Hindistan və Çində ilk böyük sivilizasiyaların meydana gəldiyi dövrə təsadüf edir.
8 illik arxeoloji tədqiqat nəticəsində 18 tikili aşkarlanıb. Bunların arasında mərasim məbədləri, yaşayış kompleksləri və ictimai binalar var. Şəhərin mərkəzində isə terraslı yamac üzərində inşa edilmiş dairəvi bir quruluş xüsusilə diqqət çəkir.
Məryəm Quliyeva