AZ

Putin danışıqlar üçün Bakıya onu göndərir - sensasion iddia

Rusiya mediası: “Azərbaycanın hakimiyyət  nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan general polkovnik Aleksandr Kurenkov...”

“Kreml Azərbaycana qeyri-rəsmi nümayəndə heyəti göndərməyi planlaşdırır”. Musavat.com xəbər verir ki,  “komp1.guru” saytında müəllif  Sergey Varçenko belə yazıb.  “Mənbənin sözlərinə görə, Moskvada gələn həftə qeyri-rəsmi missiya ilə Bakıya gedəcək nümayəndə heyəti formalaşır. Məqsəd iki ölkə arasındakı yaranmış gərginliyi həll etməkdir” deyə,  xəbərdə bildirilib.

Mənbə istisna etmir ki, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, indiki mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri,  Azərbaycanın hakimiyyət  nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan general polkovnik Aleksandr Kurenkov rəhbərlik edə bilər.

“Rusiya ilə Azərbaycan arasında münasibətlərdə ciddi soyuqlaşma 2024-cü ilin dekabrında Rusiyanın Azərbaycan Hava Yollarına məxsus E-190 təyyarəsini səhvən vurması və 38 sərnişinin həlak olması ilə başlayıb. Əvvəlcə Rusiya vurulan təyyarəyə görə üzr istəmək və günahını etiraf etmək əvəzinə, hər şeyi inkar etməyə və günahı başqalarının üzərinə atmağa başlayıb. O vaxtdan münasibətlər sərinləşdi, Əliyev mayın 9-da Moskvaya səfərini ləğv etdi” deyə, xəbərdə bildirilir.

Sayt son hadisələri də yada salıb: “2025-ci il iyunun sonunda isə Yekaterinburqda FTX, DİN və İstintaq Komitəsinin əməkdaşları Azərbaycandan olan şəxslərə qarşı reydlər keçirib, həbs zamanı əsassız fiziki güc tətbiq edilib, nəticədə iki azərbaycanlı öldürülüb.

Bu hadisə  münasibətləri yenidən gərginləşdirib,  Bakı da  rusiyalılara qarşı sərt həbslər həyata keçirib. Saytın mənbəsi hesab edir ki, Azərbaycanla münasibətlərdə gərginlik hazırda Kremlin planlarına uyğun deyil. “Bu, indi Moskva üçün sərfəli deyil və bir neçə istiqamətdə konflikt aparmaq və mühüm regionda strateji tərəfdaşını itirmək  fikri yoxdur” deyə, xəbərin sonunda qeyd edilir.

1706614602_alexander_kurenkov.jpg

Qeyd edək ki, iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidən qayıdarkən təyyarədə Azərbaycan-Rusiya gərginliyinə münasibət bildirib. Ərdoğan “Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan ölkədir. Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq” deyib. “Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq. Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini də bildirib: "İlham Əliyev çox diqqətli və tədbirli addımlar atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil".

Məlumat üçün deyək ki, Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri, general-polkovnik Kurenkov 2 iyun 1972-ci ildə Moskva vilayətində anadan olub.

Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasını və Moskva Psixoloji-Sosial İnstitutunu bitirib.  1999-cu ildə dövlət təhlükəsizlik orqanlarına işə qəbul olunub. 1999-2002-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən 2021-ci ilə qədər - Rusiya Federal Mühafizə Xidmətində çalışıb, Prezident Putinin ən yaxın qorumalarında(cangüdənlərindən) olub.  2021-2022-ci illərdə Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətində köməkçi, sonra direktor müavini işləyib.  2022-ci ilin 25 mayında nazir təyin edilib. Kurenkov sonuncu dəfə ötən il Bakıda səfərdə olub, baş nazir Əli Əsədədovla görüşüb.  

 Musavat.com 

Seçilən
1
50
musavat.com

10Mənbələr