AZ

Vəkil olmaq istəyən 196 nəfər uğur qazandı

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilib.

ARVK-dan Bizim.Media-ya bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul olunması üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 421 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.
 

Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 410 nəfər iştirak edib və onlardan 196-sı uğur qazanıb. Onlardan da 5-i Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına sənəd verən şəxslərdir.


Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər və media nümayəndələri iştirak ediblər.

ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 21.07.2025-ci il tarixdən 22.08.2025-cü il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. ARVK Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;

3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;

5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;

6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış;

7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;

8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;

9. Vəkilin şəxsi məlumat vərəqəsi;

10. Tərcümeyi-hal.


Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.

Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaq.

ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərin siyahısı ilə linkdən (//barassociation.az/news/1696) tanış olmaq olar.

Bizim.Media

Seçilən
0
39
bizim.media

10Mənbələr