Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
İranın İsrailə qarşı son raket zərbələrinin miqyası və təsiri ilə bağlı yeni iddialar irəli sürülüb. Böyük Britaniyanın nüfuzlu “Daily Telegraph” qəzeti yazır ki, İran 12 gün davam edən qarşıdurma müddətində İsrailin 40-dan çox hərbi və infrastruktur obyektini vurub. Onların arasında beş mühüm hərbi hədəf yer alır.
Qəzet bu məlumatları ABŞ-ın Oreqon Universitetinin alimləri tərəfindən təqdim edilən peyk radar görüntülərinə istinadən yayıb. Bildirilir ki, zərbələrə məruz qalan obyektlər sırasında böyük aviabaza, kəşfiyyat mərkəzi və genişmiqyaslı logistika bazası da olub.
Maraqlıdır ki, İsrail rəsmiləri bu zərbələrin dəqiq nəticələri barədə ictimaiyyətə heç bir geniş açıqlama verməyib. İsrail ordusunun sözçüsü yalnız “bütün müvafiq bölmələrin əməliyyat boyu işlək vəziyyətdə qaldığını” deyib. Bununla belə, zərərin ölçüsü və konkret vurulan obyektlər barədə məlumat verilməyib.
“Daily Telegraph” həmçinin qeyd edir ki, İsrail və ABŞ-ın birgə hava hücumundan müdafiə sistemləri İranın atdığı raketlərin təxminən 84 faizini zərərsizləşdirə bilib. Lakin qalan raketlərin bir hissəsi hədəfə dəyib və ciddi dağıntılara səbəb olub.
Hazırda nə İran, nə də İsrail tərəfi bu iddialara rəsmi münasibət bildirməyib. Qərb ekspertləri isə baş verənləri İranın İsrailə qarşı son illərin ən genişmiqyaslı cavab zərbəsi kimi qiymətləndirir.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.