"Xankəndi" Biznes Mərkəzi yerli məşğulluğun artırılmasına da töhfə verir.
Day.Az xəbər verir ki, bunu Xankəndi Biznes mərkəzinin nümayəndəsi Nəcəf Bədəlov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 4 mərtəbə və zirzəmi hissədən ibarət olan "Xankəndi" Biznes Mərkəzi ümumilikdə 4 500 m²-dən artıq sahəni əhatə edir:
"Biznes Mərkəzində 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan "Zefir Cafe & Terrace" restoranı, eləcə də dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək".
Mərkəzin nümayəndəsi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir parçası olan bu Mərkəz funksional idarəetmə prinsipləri və yüksək xidmət meyarlarına cavab verir:
"Xankəndi" Biznes Mərkəzi Xankəndi şəhərinə açılan füsunkar mənzərəsi ilə rezident şirkətlər üçün müasir və komfortlu işgüzar mühit təklif edir. Müxtəlif sahibkarlıq subyektləri, startaplar və korporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz eyni zamanda yerli məşğulluğun artırılmasına da töhfə verir. İlkin mərhələdə Biznes Mərkəzinə 20 nəfər işçi cəlb olunmuş, onlardan 12-si Xankəndi, Xocalı, Şuşa və digər işğaldan azad olunmuş ərazilərin sakinləri, 1-i isə 2-ci Qarabağ müharibəsi veteranıdır".