AZ

Yanğın Euboea adasına keçdi

Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Euboea (Evia) adasında baş verən meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir. Dünən axşam saatlarında baş verən yanğına görə iki kənd boşaldılıb. Kritdəki yanğının böyük ölçüdə nəzarət altına alındığı açıqlanıb.

Adanın cənubunda, Afinanın şərqində davam edən yanğını söndürmək üçün əraziyə 46 yanğınsöndürmə maşını və 5 təyyarə göndərilib. Bildirilib ki, yanğının söndürülməsinə 160-dan çox yanğınsöndürən cəlb olunub.

Yanğının dünən axşam saatlarında başladığı Euboea adası, güclü külək səbəbiylə meşə yanğınları üçün yüksək xəbərdarlıq altında olan bir çox bölgədən biri idi. Səlahiyyətlilər yanğının başlamasından sonra bu gün səhər tezdən Tsakeoi və Limnionas kəndləri üçün evakuasiya əmri verib.

Yunanıstanın Krit adasında üç gün əvvəl başlayan və turistlərin də olduğu minlərlə insanın təxliyəsinə səbəb olan yanğınla bağlı açıqlama verən yanğınsöndürmə səlahiyyətlisi, yanğının böyük ölçüdə nəzarət altına alındığını bildirib.

Yunanıstandakı Halkidiki əyalətinin Plana bölgəsinə də yanğınsöndürmə qrupları havadan və qurudan müdaxilə edib.

Peloponnes yarımadasının Messiniya və Arhi Olimpiya bölgələrində də yanğın baş verib. Paytaxt Afinaya təxminən 30 kilometr uzaqlıqdakı Koropidə günorta saatlarında başlayan yanğın axşam saatlarında yanğınsöndürmə qruplarının müdaxiləsi ilə nəzarət altına alınıb. İlkin məlumata görə, yanğının yaşayış məntəqələrinə keçməsi nəticəsində 10-a yaxın ev yanıb.

Mülki Müdafiə Baş Katibliyi ölkə ərazisində güclü külək və yüksək temperaturun yanğın riskini artırması ilə əlaqədar vətəndaşları yanğın ehtimalına qarşı hazır olmağa çağırıb.

Yunanıstan Meteorologiya Xidməti bu gün ölkədə temperaturun 38 dərəcəyə qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

Seçilən
37
21
vaxt.az

10Mənbələr