AZ

Mahmud Əmirəliyevin saxlanılmasının səbəbi bəlli oldu

Dağıstanın (Rusiya Federasiyası) hüquq-mühafizə orqanları Qarabudaqkənd rayonunun başçısı Mahmud Əmirəliyevi irimiqyaslı dələduzluqda şübhəli bilərək saxlayıblar. İstintaq Komitəsi məmura Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürüb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə respublika üzrə İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb.

Bildirilir ki, Əmirəliyev sosial əhəmiyyətli layihənin həyata keçirilməsi zamanı cinayətkar sxem təşkil edib. O, kommersiya təşkilatının direktoruna Qubden və Qurbuki kəndləri üçün su kəmərinin tikintisi üzrə müqavilə bağlamağı təklif edib, bu şərtlə ki, işlərin dəyərinin 20%-i ona ötürülsün. Bu fırıldaqçılıq nəticəsində büdcədən 56 milyon rubldan çox (1.2 milyon manat – red.) mənimsənilib.

“Yaxın vaxtlarda istintaq məhkəməyə qətimkan tədbiri seçilməsi barədə vəsatətlə müraciət edəcək. Cinayət işi üzrə sübut bazasının möhkəmləndirilməsinə yönəlmiş istintaq hərəkətləri aparılır”, – İstintaq Komitəsinin rəsmi məlumatında deyilir.

Mahmud Əmirəliyev 2015-ci ildən Qarabudaqkənd rayonuna rəhbərlik edir. 2020-ci ildə o, yerli deputatların dəstəyi ilə bu vəzifəyə yenidən seçilib. Onun rəhbərliyi dövründə rayonda su kəmərlərinin və yolların tikintisi də daxil olmaqla, bir neçə iri infrastruktur layihəsi həyata keçirilib.

Diqqətəlayiq haldır ki, Əmirəliyevin saxlanılması respublikada korrupsiya sxemlərinin daha genişmiqyaslı araşdırılması ilə bağlı ola bilər. TASS-ın məlumatına görə, Əmirəliyev iyun ayının sonundan bəri mənimsəmə işi ilə bağlı şəhəri tərk etməmək barədə iltizam altında olan Dağıstanın keçmiş dövlət katibi Maqomedsultan Maqomedovun qohumudur. Maqomedovun işi “Daqneftprodukt” ASC-nin özəlləşdirilməsi və “MSB-Holdinq” şirkətinin fəaliyyəti ilə bağlıdır.

Bu yaxınlarda Mahaçqalanın Sovet Rayon Məhkəməsi Baş Prokurorluğun Maqomedov və onun qohumlarına qarşı iddiasını təmin edərək, “Kaspetrolservis” neft terminalını (əvvəlki “Daqneftprodukt” ASC) və digər əmlakı dövlətin xeyrinə müsadirə edib. Prokurorluq müəyyən edib ki, bu aktivlər “korrupsiyanın qarşısının alınmasına yönəlmiş tələb və qadağaların pozulması nəticəsində” əldə edilib.

İyulun 1-də Dağıstan başçısının administrasiyası Maqomedovun respublikanın dövlət katibi vəzifəsindən azad edilməsi barədə rəsmi məlumat yayıb. Vəziyyətlə tanış olan federal məmurun sözlərinə görə, Maqomedov Dağıstanın ən nüfuzlu adamlarından biri hesab olunurdu və hüquq-mühafizə orqanları bir neçə ildi ki, ona qarşı iddialar üzrə işləyirdilər.

Seçilən
0
50
axar.az

10Mənbələr