AZ

Ermənistan həm AB-nin, həm də Şanxay təşkilatının üzvü olmaq istəyir - absurd iddia...


Qulamhüseyn Əlibəyli: “Ermənistan Aİ-dən ümidini tam üzməsə də, prosesin uzun müddət aparacağını bilir”

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil ilmaq arzusunu açıqlayıb. Ermənistanın Xarici işlər nazirliyinin bəyanatına istinadən belə bir məlumat yayılıb.

“Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsiplərini, yəni ərazi bütövlüyü, güc tətbiq olunmaması və sərhədlərin toxunulmazlığını bölüşən Ermənistan Respublikası ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib”, - məlumatda vurğulanır.

Ermənistanın Çin və Rusiyanın lider olduqları ŞƏT-ə üzlüyü barədə istəkləri təəccüblü görünür. Avropa İttifaqına üzv olmağı rəsmi olaraq qarşısına məqsəd qoymaq hara, ŞƏT-ə üzv olmağı istəmək hara?

“Bu baxımdan hansısa bir təşkilatda özünə yer tapmağa çalışır və ŞƏT-i daha optimal variant hesab edir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Avropa İttifaqı ilə Şanxay Əməkdaşlıq Təşkilatı bir-birinə alternativ təşkilatlardır: “O cümlədən, müxtəlif dövlətlər tərəfindən yaradılıb. Həmçinin, maraqları müxtəlif olan dövlətləri təmsil edirlər. Ona görə də Ermənistanın ŞƏT-ə üzv olmaq istəyi həm təəccüblü, həm də paradoksal görünə bilər. Ancaq burada bir məsələni nəzərə almaq lazımdır ki, ümumiyyətlə, erməni siyasətində belə təəccüblü, paradoksal görüntülər çoxdur. Ermənilər çalışırlar ki, Ermənistan müasir dünya nizamında özünə bir yer tapa bilsin. Onu da başa düşmürlər ki, Azərbaycanla sülh müqaviləsi imzalamadan, Zəngəzur dəhlizinə razılıq verilmədən dünya düzənində yer tutmaq mümkün deyil. Ona görə də bir növ ermənilər hər yerə əl-qol atırlar. Burada iki məqamı qeyd etmək lazımdır. Birinci ondan ibarətdir ki, Avropa İttifaqına üzv olmaq proseduru çox mürəkkəbdir. Bu, uzun müddət çəkən bir məsələdir. Ancaq bundan fərqli olaraq, ŞƏT-ə üzv olmaq nisbətən sadə variantlardan biridir. Ona görə də güman etmək olar ki, Ermənistan artıq Avroittifaqdan ümidini tam üzməsə də, prosesin uzun müddət aparacağını bilir. Bu baxımdan hansısa bir təşkilatda özünə yer tapmağa çalışır. O üzdən, ŞƏT-i daha optimal variant hesab edir. İkinci variant ondan ibarətdir ki, Ermənistan bir tərəfdən Rusiyanın aparıcı olduğu təşkilatlardan - Aİİ, KTMT-dən uzaqlaşır, amma Rusiyadan tam aralanmır. Yenə də Rusiyanın üzv olduğu başqa bir təşkilata üzv olmaq istəyir. Həm də nəzərə almaq lazımdır ki, ŞƏT təkcə Rusiyanın aparıcılığı ilə qurulmayıb. ŞƏT-də daha çox aparıcı rol Çinə məxsusdur. Düzdür, Rusiyanın da orada təsir imkanları var, amma aparıcı rol daha çox Çinə məxsusdur. Bundan başqa, ŞƏT-də Ermənistanın ənənəvi müttəfiqi olan Hindistan və İran təmsil olunur. Görünür, erməni siyasətçiləri hesab edirlər ki, bir tərəfdən Rusiyadan qaçsalar da, o biri tərəfdən bu ölkədən çox uzaq durmamaq məqbuldur. Eyni zamanda daha çox Çinə, Hindistana, İrana sığınmaq yolunu tutmaq daha sərfəli variantdır. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, ŞƏT-də türk dövlətləri də əhəmiyyətli rol oynayır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan qurumda əhəmiyyətli rola malikdir. Türkmənistan hələ ki, bu prosesdə iştirak etmir. Ancaq ola bilsin, gələcəkdə Türkmənistan bu prosesə qoşulsun. Yəni bütün hallarda ermənilər dərk etməlidilər ki, türk dövlətlərindən uzağa qaça bilməyəcəklər. Ona görə də bu dövlətlərlə münasibətləri normallaşdırmaq lazımdır”.

Vidadi ORDAHALLI

Seçilən
12
19
baki-xeber.com

10Mənbələr