AZ

Azərbaycanda kadr çatışmayan 4 mühüm sahə - hətta pedoqoji ixtisaslar...


Kamran Məmmədli: “Hazırda müəssisələr üçün təhsil ocaqlarımızda yetərli kadr yetişdirilmir”

İşsizlik problemi ilə bağlı söz-söhbətlər hər zaman olub. Həmişə eşidirik: “Filankəsin iki diplomu var, amma iş tapa bilmir” və ya “O işini çox yaxşı bilir, ancaq onu işdən çıxardılar”.

Deyilənlərə fikir versək, elə təəssürat yaranır ki, Azərbaycanda praktiki olaraq iş tapmaq mümkün deyil.

Rəsmi rəqəmlərə görə, Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir və bu, reallıq üçün o qədər də pis göstərici deyil. Ancaq araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda 100-dən artıq sahə üzrə ixtisaslı kadr çatışmazlığı var.

Ən çox kadr çatışmazlığının müşahidə edildiyi sahələr isə mühəndislik, turizm, aqrar və eyni zamanda bir sıra pedaqoji sahələrdir. Maraqlıdır, qeyd edilən sahələrdə kadr çatışmazlığının səbəbi onların peşəkar, bacarıqlı olmaması, yoxsa başqa səbəblərlə bağlıdır?

“Hər hansı sahədə kadr çatışmazlığı yaşanırsa, həmin sektora geniş şəkildə diqqət yetirmək lazımdır”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər hansı sahədə kadr çatışmazlığı yaşanırsa, həmin sektora geniş şəkildə diqqət yetirmək lazımdır: “Tibb sahəsi də kadr çatışmazlığı yaşayan sahələrdən biridir. Orda hazırda güclü informasiya assimilyasiyası var. Tibb sektorunda insanlar yaxşı cərrahla pis cərrahın fərqinə yalnız reklamlara baxıb qərar verirlər. Bu zaman dövlət özü bir layihə hazırlamalıdır ki, orada hər bir həkimin öz sahəsi üzrə reytinqi düzgün müəyyən oluna bilsin. Azərbaycanda çatışmayan kadrlardan biri aqronomlardır. Ölkəmizə Türkiyədən və başqa xarici ölkələrdən aqronomlar gətirilir. Onlar xidmətlərini şirkətlərə və ya ayrı-ayrı bağbanlara göstərirlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, kadr çatışmazlığının əsas səbəbi lazımi bilik və bacarıqlara sahib kadr yetişdirilməməsidir: “Burada əsas problem kadr yetişdirilməsindədir. Hazırda müəssisələr üçün təhsil ocaqlarımızda yetərli kadr yetişdirilmir. Vakansiya elan edən işəgötürənlər namizəd vakantların həmin sahədə işləmə potensialının olmadığını görürlər. Ümumiyyətlə, bəzi universitetlərdə tələbələrin praktiki cəhətdən inkişafı üçün heç bir şey edilmir. Nəticə etibarilə tələbələrin bilikləri cəmi 80% təşkil edir. Bu istiqamətdə ciddi problemlərimiz var. Bu da zamanla müəssisələrimizdə - tibb, təhsil və s. sahələrdə kadr hazırlığına ciddi təsir göstərir. Kadr çatışmazlığının yaşanmasının digər səbəbi əməkhaqqı məsələsidir. İşəgötürənlər işçini təcrübəçi kimi götürür, bəziləri müəyyən sınaq müddəti təyin edir, bir qisim isə "bir ay işlə, amma sənə maaş verilməyəcək, qane etsən, maaş ödəniləcək" deyir. Əməkhaqqı kifayət etməyəndə şəxs də alternativ yollar axtarmağa başlayır. Bir digər məsələ isə işəgötürənlərin düzgün seçim etməməsi, obyektiv qərar verə bilməməsidir. Qohumbazlıq, qeyri-leqal mövzular ortaya çıxdığı an müsahibə mərhələsində iştirak edən şəxslər artıq qeyri-obyektivliyi gördükləri üçün işə münasibətdə soyuyurlar”.

Günel CƏLİLOVA

Seçilən
15
50
baki-xeber.com

10Mənbələr