AZ

Rus bölmələrinin gələcəyi necə olacaq?

Son günlər Azərbaycanda dövlət hesabına rusdilli tədrisin ləğvi ilə bağlı çoxsaylı çağırışlar edilir. Bəzi məlumatlara görə, 3 ildən sonra rus bölmələrinə qəbul dayandırıla bilər.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanda rusdilli məktəblərin bağlanması məsələsi təkcə təhsil siyasəti deyil, həm də dil hüquqları, mədəni müxtəliflik, sosial inteqrasiya və milli kimlik məsələlərinin kəsişdiyi çoxşaxəli və mürəkkəb bir sahədir:

"Məsələyə yalnız “rus dili lazım deyil” yanaşması ilə baxmaq strateji səhv olar. Əvvəla, bu məktəblərdə təhsil alan şagirdlərin təhsil hüququ və psixoloji rifahı birbaşa təsirlənəcək, ikincisi isə bu qərarın pedaqoji, hüquqi və sosial nəticələri əvvəlcədən düzgün təhlil edilməzsə, təhsilin keyfiyyətində geriləmələr müşahidə ediləcək. Azərbaycanda 2023-cü ilin rəsmi statistikalarına əsasən, ümumi təhsil müəssisələrinin təqribən 300-də tədris tam və ya qismən rus dilində aparılır. Bu məktəblərdə 90 minə yaxın şagird təhsil alır. Rus bölməsi olan məktəblər əsasən Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə yerləşir və təkcə etnik rusların deyil, eyni zamanda azərbaycanlı ailələrin də seçimidir. Bu, təkcə dil yox, həm də tədris keyfiyyəti, sosial status və gələcəkdə ali təhsildə rusdilli proqramlara keçidin rahatlığı ilə əlaqəlidir".

Ekspert qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi hər bir vətəndaşa təhsil almaq hüququnu təmin edir:

"Bununla yanaşı, “Təhsil haqqında” Qanunun 6.1-ci maddəsində açıq şəkildə qeyd olunur: “Azərbaycan Respublikasında təhsil alanların təhsili Azərbaycan dilində həyata keçirilir. Eyni zamanda, təhsil alanlara ana dilində, o cümlədən azsaylı xalqların dillərində təhsil almaq imkanı yaradılır”. Bu norma, rus bölməsində təhsil alan və ya rus dilini öz ana dili hesab edən vətəndaşların hüquqlarını qorumağa xidmət edir. Bu hüququn birdən-birə ləğvi beynəlxalq hüquq normaları baxımından da tənqid oluna bilər".

Nuriyyə NATİQQIZI

Seçilən
14
36
redaktor.az

10Mənbələr