AZ

Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Dünyada xeyli sayda dillər var ki, o dillərdən ikinci xarici dil kimi istifadə etmək faydalı ola bilər. Əsas məsələlərdən biri həmin xarici dillər üzrə tədrisi həyata keçirə biləcək mütəxəssislərin olmasıdır".

Bu fikirləri Redaktor.az-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Azərbaycanda tədris oluna biləcək xarici dillərdən danışarkən bildirdi. Onun fikrincə, məktəbdə tədris keçəcək olan mütəxəssislər həm də pedaqoji kadrlar olmalıdır:

"Bu baxımdan müxtəlif dilləri bilmək, öyrənmək gənclərimiz üçün fərqli imkanlar yaradır. Onlar xarici dilləri bilməklə təhsil ala, iş imkanlarını genişləndirə bilərlər. Dil əlavə biliklər əldə etmək üçün də əlverişlidir. Dil özü təkcə ünsiyyət vasitəsi deyil, elmi ədəbiyyatlara çıxış etmək, müxtəlif dərsliklərdən istifadə etmək imkanları yaradır. Təbii ki, biz bütün dillərin tədrisini həyata keçirə bilmərik, amma mütəxəssislərimiz olsa, alternativlər təklif edə bilərik. Alternativləri ona görə təklif edə bilmirik ki, tədris üçün o qədər kadr potensialımız yoxdur".

Təhsil eksperti vurğuladı ki, dünyanın böyük dillərindən biri Çin dilidir.

"Çin dilində tədrisin keçirilməsi üçün son illər müəyyən arzular və istəklər var. Hesab edirəm ki, gələcəkdə Çin dili mütəxəssislərimiz olsa, ikinci xarici dil kimi Çin dilinin tədrisini həyata keçirə biləcəyik. Bəzi məktəb və universitetlərdə alman dili ikinci dil kimi təklif olunur. Həm də bu ölkələrdə yaxşı təhsil almaq imkanları genişlənir. Dərsliklərin, çevik kurikulumların olması önəmlidir. Düşünürəm ki, bu istiqamətdə real işlər ortaya qoymaq lazımdır. Hədəflər düzgün müəyyənləşdirilməlidir.

Son illərdə ikinci xarici dil olaraq tədris olunan dillərdən biri rus dili olub. Əslində rus dilinin imkanlarına daha çox önəm vermişik. Qonşu dövlət olaraq Rusiya ilə əlaqələr də geniş olub. Bu da əmək bazarlarına üz tutmaq üçün şərait yaradırdı. Amma görünən odur ki, dünya və şərtlər dəyişir. Qeyd etdiyim dillər dünyada geniş yayılan dillərdir. Çox istərdik ki, ispan dilində əlavə tədris olsun. Amma dil üçün bizdə imkanlar varmı? Təbii ki, bunlar arzudur. Sualın cavabı isə təəssüf ki, yoxdur. Çünki həqiqətən də baza yoxdur. Kadr hazırlığı özü də böyük zaman tələb edir", - deyə İlqar Orucov əlavə etdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
43
redaktor.az

10Mənbələr