Musavat.com xəbər verir ki, Şimali Koreyanın paytaxtı Pxenyanda keçirilən konsertdə Rusiyanın məşhur “Katyuşa” mahnısı gur səslə ifa olunub. Salon bəlkə də nəğmənin romantikasına bürünüb, amma diqqətlə baxsan, orada əyləşənlərin hər hərəkəti – oturuşu, duruşu, hətta alqışı belə sanki sıravi əsgərin “bir, iki!” komandasına tabedir. Bəli, Pxenyanın “incəsənət zalları” elə bil ki, avtomatın nişangahındakı hədəf kimi nizamlıdır: hamı eyni vaxtda əl çalır, eyni vaxtda gülümsəyir, bəlkə də eyni vaxtda nəfəs alır.
Bu qırmızı kreslolarda fərəhli Katyuşa səsləri altında əl çalan Koreyalılar bilirlərmi ki, onların həmvətənləri Ukrayna çöllərində rus tanklarının ardınca düşüb, çox zaman geri dönmədən qayıdırlar? Axı Pxenyanda “Katyuşa” oxuyurlar, Donetsk və Luqanskda isə Koreya əsgərləri o katyuşaların partlayış sədaları altında ölür, yaralanırlar.
Rusiyanın Ukraynaya qarşı işğal müharibəsində “qeyri-rəsmi müttəfiq” olan Şimali Koreya, Pxenyanda musiqi bayramı təşkil edib. Əlbəttə, Katyuşa da təsadüfən seçilməyib: bir tərəfdə səhnədə Katyuşa oxunur, o biri tərəfdə Ukrayna torpaqlarında Katyuşalar susmur – amma orada artıq alqış səsləri deyil, partlayış səsləri gəlir. Həm də ruslarla yanaşı döyüşməyə göndərilən bəzi koreyalı muzdluların (və ya “könüllülərin”) əsir düşməsi və ya həlak olması barədə xəbərlər də mediada dolaşır.
Kim Çen In konsert zalında gülərək əl çalır, amma bəlkə də Katyuşanın əsl aqibətini, Koreya gənclərinin Ukrayna düzənliyində necə “əməli musiqiyə” tuş gəldiyini özündə saxlayır. Pxenyanda Katyuşa bəzəkdir, Ukraynada isə məzarlıq.
Musavat.com