Mingəçevirdə stadionda çalışan işçilər bir neçə aydır əməkhaqlarını ala bilmirlər.
Onlar bununla bağlı "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət ediblər. Xezerxeber.az-ın məlumatına görə,
şikayətçilər bildirirlər ki, Yaşar Məmmədzadə adına stadionda gözətçi, fəhlə, bağban işləyən 8 nəfər 2-3 aydır, maaş üzünə həsrət qalıb.
Onların sözlərinə görə, hər ay ödənilməli olan 363 manat məbləğində maaşları verilmir. Rəhbərliyə müraciət edəndə isə büdcədə pul olmadığı bildirilir.
İşçilər maaşlarının verilməməsi səbəbindən işə gedib-gəlməkdə belə çətinlik çəkdiklərini deyirlər.
Məsələ ilə bağlı stadionun direktoru Akif Hüseynov "Xəzər Xəbər"ə bildirib ki stadion təsərrüffat hesablıdır, onlar iki aydır maaş almırlar, ancaq alacaqlar. "Pul olmalıdır ki, biz ödəniş edək. Stadion təsərrüfat hesablıdır, büdcədən maliyyələşmir, yay ayıdır, gərək gələ kimsə futbol oynaya, ödəniş edə. Yaxın günlərdə pul köçməlidir, nəzərdə tutmuşuq ki, ödəniş edək",- deyə stadionun direktoru qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.