“Dövlət çevrilişlərini planlaşdırmaqda motiv nədir, soruşursunuz? Müdafiə xətləri çəkmək əvəzinə adam Göyçə gölünün sahilində ev tikib, səngərləri isə konserv qutuları ilə doldurub”.
Musavat.com xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan özünün “Facebook” səhifəsində yazıb.
O, Ermənistanın keçmiş müdafiə naziri, parlamentin hazırkı deputatı Seyran Ohanyana qarşı başlanması istənilən ictimai cinayət təqibi ilə bağlı baş prokurorun təqdimatına istinad edib.
Arutyunyan qeyd edib ki, baş prokurorun parlamentə təqdim etdiyi sənəddə Ohanyanın Müdafiə Nazirliyində əsaslı tikinti işlərinə cavabdeh şəxslər vasitəsilə “geri alma” (otkat) sxemindən istifadə edərək Sevan sahilində dövlət torpağını zəbt edib şəxsi ev tikdirməsi göstərilir. Bu hadisələrin Aprel müharibəsindən öncəki illərdə baş verdiyi bildirilir.
“Bax, məhz buna görə bəzi şəxslər çevriliş yolu ilə bu və digər cinayətlərin ifşa olunmasının qarşısını almaq istəyirlər”, - deyə Araik Arutyunyan vurğulayıb.
Musavat.com