AZ

Azərbaycanın inkişaf yolunu rus dilində görən memara Aqil Ələsgərdən CAVAB

Azərbaycanın
Son zamanlar Azərbaycanda məktəblərdə rus dilində təhsilin davam etdirilməsi ilə bağlı geniş ictimai müzakirələr gedir. Şübhəsiz ki, bir neçə dili bilmək fərdi inkişaf və beynəlxalq ünsiyyət baxımından önəmlidir. Lakin burada əsas məsələ rus dilində təhsilin dövlət hesabına dəstəklənməsidir. Cəmiyyətin bir hissəsi bu praktikanı məqsədəuyğun saymır və onun milli kimlik və müstəqillik prinsiplərinə zidd olduğunu bildirir.
Rus bölmələrinin ləğvinə qarşı çıxanlardan biri memar Elçin Əliyevdir. O, sosial şəbəkələrdəki paylaşımında bildirir ki, rus dilindən imtina Azərbaycanın inkişafdan geri qalmasına səbəb olacaq və ölkənin Banqladeş və Pakistana bənzəyəcəyini iddia edir. Eyni zamanda, memar Rusiyanın iki əsrlik işğal dövrünü Azərbaycanın tərəqqisinə xidmət edən mərhələ kimi qiymətləndirib. Onun “Bu nəsil rüşvətdən başqa nə görüb?” kimi fikirləri də cəmiyyətdə narahatlıq doğurub. Lakin E. Əliyevin mövqeyində diqqət çəkən məqam odur ki, o, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi uğurları, xüsusilə də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalmış torpaqların azad olunmasını sanki nəzərə almır. Onun fikrindən belə çıxır ki, bu tarixi nailiyyətin əsasında rus dilinin rolu dayanır? Mövzuya təhsil göstəriciləri prizmasından yanaşdıqda isə fərqli mənzərə ortaya çıxır. Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarının nəticələri göstərir ki, yüksək bal toplayan abituriyentlər arasında rus bölməsinin nümayəndələri çox azlıq təşkil edir. Bu isə rus bölməsinin təhsil keyfiyyəti ilə bağlı iddiaların əsaslı olub-olmadığını sual altına alır. Elçin Əliyev və onun kimi düşünənlərə sual olunur: Müdafiəsinə qalxdıqları rus dilindən keçmiş Sovet ölkələrindən başqa hansı beynəlxalq platformalarda effektiv şəkildə istifadə ediblər? Bu şəxslər niyə Azərbaycan dilinin dövlət və cəmiyyət həyatında daha vacib mövqe tutmasının əhəmiyyətini nəzərə almırlar? Daha düşündürücü sual isə budur: Elçin Əliyev heç vaxt Azərbaycanda doğulub boya-başa çatan vətəndaşların öz ana dilində sərbəst danışa bilməməsi ilə bağlı narahatlıq ifadə edibmi? Bəs onun rus dilində təhsilin gələcəyi ilə bağlı narahatlığının əsl səbəbi nədir? Bu və digər suallar cavabsız qaldıqca, cəmiyyətdə rus dilində təhsilə olan maraq və etimad tədricən azalır. Halbuki əsas məqsəd ana dilimizə — Azərbaycan dilinə olan etibarın və nüfuzun artırılması olmalıdır. Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Yeni Çağ” Media Qrupunun baş redaktoru Aqil Ələsgər deyib ki, ənənəvi olaraq rusofillər bu məsələdə bir sıra arqumentlər irəli sürürlər, lakin bu, çox absurt fikirdir.
Aqil Ələsgər
“Əvvəlcə nəzərə almaq lazımdır ki, Azərbaycanda müxtəlif xarici dillər – ingilis, fransız, fars və türk dilləri məktəblərdə tədris olunur. Lakin bu dillərin heç birinə rus dilinə verilən qədər imtiyaz tanınmır. Məsələn, ingilis dili real həyatda daha çox işimizə yarayan, daha praktik bir dildir. Bir çox beynəlxalq məsələlərdə bizə faydalı ola bilər. Belə olduğu halda, nə üçün ingilis dili bu cür imtiyazlara sahib deyil, amma rus dili sahibdir? Əlavə olaraq qeyd etməliyik ki, keçmiş sovet ölkələrinin əksəriyyətində rus dili artıq funksionallığını itirmiş, gündəlik həyatda istifadə edilməyən bir dilə çevrilib. Məsələn, qonşumuz Gürcüstanda, Ukraynada və ümumiyyətlə rus əleyhdarlığının yüksəldiyi digər ölkələrdə bu dil artıq aktuallığını itirib. Çünki insanlar bu dili eşidəndə mənfi reaksiya verirlər və istifadə etmək istəmirlər”. A.Ələsgər bildirib ki, bəzən belə iddialar irəli sürülür ki, guya Azərbaycan mədəniyyəti və sivilizasiyası rus dili olmadan inkişaf edə bilməz. “Halbuki dilçi alimlər və ədəbiyyatçılar təsdiq edirlər ki, Azərbaycan dilinin formalaşmasında əsasən ərəb və fars dilləri üstünlük təşkil edir. Rus dilindən Azərbaycan dilinə keçən sözlər isə dilimizi çirkləndirməkdən başqa nəyə yarayıb?! Məsələn, ərəb və fars sözləri zamanla Azərbaycan dilinin bir parçasına çevrilmiş, işlək və mənimsənmişdir. Ancaq rus sözləri dilə təbii yolla daxil olmayıb, sadəcə yamaq kimi əlavə olunub. Bu baxımdan “rus dili Azərbaycan dilini zənginləşdirir” fikri tamamilə absurddur”. “Bütün bu arqumentlər rusofillər növbəti dəfə Azərbaycanda öz mövcudiyyətlərini qorumaq üçün uydurulan yalandır” – deyə baş redaktor əlavə edib: “Bəzən deyilir ki, rusdilli insanlar Rusiyanın tərəfində olmur, əksinə, Rusiyaya nifrət edirlər. Bu da geniş şəkildə tətbiq edilə biləcək bir fikir deyil, istisnalar var. Ola bilər ki, bir adam Rusiyada böyüyüb və bu dili bilir, bu, o demək deyil ki, Rusiya dövlətini dəstəkləyir. Rusiya tarix boyu bizə bir veribsə, beş alıb. Əksinə, işğal illərində bizə ən böyük ziyanı da elə Rusiya verib. Mədəniyyətin formaşması və digər məsələlər həmin dövrün gətirdiyi yeniliklər idi ki, yəni Rusiya olsaydı da, olmasaydı da bütün bunlar Azərbaycanda gerçəkləşəcəkdi. Ona görə də rus dili və mədəniyyəti ilə bağlı nostalji hisslər keçirmək üçün ciddi əsaslar yoxdur. Elçin Əliyev iddia edir ki, əgər rus dili olmazsa, Azərbaycan geri düşəcək, Banqladeşə, Pakistana çevriləcək. Gürcüstan rus dilindən demək olar ki, imtina edib, onlar geri düşüb? Banqladeşə çevrilib? İkincisi də Pakistan bu gün sürətlə inkişaf edir, Azərbaycanın strateji tərəfdarıdır. Rusiyadan fərqli olaraq, Pakistan Azərbaycana xəyanət etməmiş, hər zaman yanımızda olub”. O, deyib ki, barbar rusbeyinlilər insanları bu şəkildə qorxu altında saxlamağa çalışır. “Amerika tərəfindən hansısa bölgəni işğal etmək üçün “əl-Qaidə gələcək” kimi qorxular yaradıldığı kimi, bu da Rusiya tərəfdarlarının istifadə etdiyi tipik qorxu siyasətidir. Rusofillər də deyirlər ki, “rus dili olmazsa, Azərbaycan mədəniyyəti də olmayacaq”.

Halbuki Azərbaycan mədəniyyəti, elmi, ədəbiyyatı və incəsənəti bir çox dəyərli insan yetişdirib və onların əksəriyyəti öz ana dilimizdə yaradıb, fəaliyyət göstəriblər. Misal olaraq Üzeyir Hacıbəyov, Əhməd Cavad, Hüseyn Cavid, Abbas Səhətin adını çəkə bilərik, bu şəxslərin hansı rus dilli olub? Yəni Azərbaycanda elmində, ədəbiyyatında rolu olanların əksəriyyəti milli şəxslər olub və öz dilimizdə danışıblar, əsərlər yaradıblar. Bu mənada, “rus dili olmasa, mədəniyyət olmaz” iddiaları tamamilə absurdur”.

Seçilən
13
50
1news.az

10Mənbələr