Bilbao “Atletik”i İspaniya milli komandasının da üzvü olan sol cinah hücumçusu Niko Uilyams ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı hücumçunun yeni sözləşməsi 2035-ci ilin yayınadək nəzərdə tutulub. İspaniya millisinin üzvünün satın alınma qiyməti 50 faizdən çox artırılıb.
Qeyd edək ki, Uilyamsın yay transfer dönəmində “Barselona”ya keçəcəyi gözlənilirdi. Mətbuatda, Kataloniya nəhənginin Uilyams müqabilində 58-62 milyon avro məbləğ civarında sərbəstqalma haqqı ödəyəcəyi ilə bağlı məlumat yayılmışdı. Hazırda “Atletik” bütün məbləğin birbaşa ödənilməsini tələb edir, “Barselona” isə ödənişi hissə-hissə gerçəkləşdirmək niyyətindədir.
Vurğulanır ki, Uilyamsın özü “blauqrana”ya qoşulmaq üçün əldən-ayaqdan gedir. Belə bir vəziyyətdə futbolçunun klubu ilə yeni müqaviləyə imza atması da gözlənilməz olub. Çünki Nikonun klubu tərk etmək istədiyi barədə xəbərlər mənzərəsində “Atletik” azarkeşləri ilə də münasibətləri kəskinləşib.
Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının məzunudur. Hücumçu 2021-ci ilin iyul ayından əsas komandada çıxış edir. Uilyamsın Bilbao klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Niko Uilyams “şirlər” üçün 45 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 167 oyun, 31 qol və 30 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 28 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.
“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.