BAKI, 4 iyul. TELEQRAF
İsrail İrana qarşı 12 günlük müharibədə təkcə İranın nüvə proqramına yox, həm də Tehranın çirkli bomba, kimyəvi və bioloji döyüş başlıqları ilə bağlı layihələrinə ciddi zərbə vurub.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.
Kəşfiyyat analitiki Ronen Solomonun sözlərinə görə, İsrail hava qüvvələrinin hücumu İranın qabaqcıl silahların hazırlanması üzrə əsas qolu olan SPND təşkilatının nəzdində fəaliyyət göstərən Kərəcdəki “Şəhid Maysami” mərkəzini məhv edib:
“Bu mərkəz təkcə müdafiə laboratoriyası deyildi, bura həm də ölümcül silahlar – öldürücü sarin qazı və keçmişdə rejim əleyhdarlarına qarşı sui-qəsdlərdə istifadə edilən “Noviçok”un hazırlanması da daxil olmaqla, ikili tədqiqatlarla məşğul olurdu. Mərkəz İran ordusunun kimyəvi döyüş bölməsinə tabe idi. Həmçinin qeyri-ənənəvi döyüş başlıqlarının istehsal zəncirində kritik halqa rolunu oynayırdı. İran müharibə zamanı kaset başlıqlı yeni raket buraxıb, bu raket gələcəkdə ölümcül kimyəvi döyüş başlıqları da daşıya bilər”.
N12 qeyd edir ki, 2019-cu ildə mərkəzin müxalifətin etiraz aksiyalarını dağıtmaq üçün istifadə olunan kimyəvi silahlar hazırladığı da müəyyən edilib.