AZ

Uşaqların boyunun uzanması üçün NƏ EDİLMƏLİDİR?

Uşaqların boy inkişafı valideynləri ən çox maraqlandıran məsələlərdən biridir. Boyun uzunluğu əsasən genetika ilə müəyyən olunsa da, mütəxəssislər bildirirlər ki, düzgün qidalanma, fiziki aktivlik və sağlam yuxu bu prosesi əhəmiyyətli dərəcədə dəstəkləyə bilər.

Far.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, uşaqların sağlam böyüməsi üçün onların rasionunda yüksək keyfiyyətli zülallar və faydalı minerallar yer almalıdır. Bu baxımdan süd, yumurta, toyuq, balıq, paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər və çərəzlər xüsusi önəm daşıyır. Tərkibində kalsium, D vitamini, maqnezium, dəmir və sink olan bu məhsullar sümük və əzələ inkişafını sürətləndirir.

Araşdırmalar göstərir ki, uşaqlarda gündəlik fiziki aktivlik böyümə hormonlarının normal ifrazı üçün vacibdir. Xüsusilə üzgüçülük, basketbol və turnik kimi asma hərəkətləri sümük və əzələ sistemini gücləndirir. Mütəxəssislər uşaqların gün ərzində ən azı 1 saat hərəkətli olması tövsiyə edirlər.

Boy uzanmasını təmin edən böyümə hormonlarının əsasən gecə saatlarında ifraz olunduğunu bildirən pediatrlar, uşaqların yaşlarına uyğun olaraq 9–12 saat yuxu almasının vacibliyini vurğulayırlar. Yuxusuzluq və ya nizamsız yuxu rejimi bu hormonların səviyyəsini azaldaraq inkişafın qarşısını ala bilər.

Psixoloqlar bildirirlər ki, uşaqların emosional vəziyyəti də boy inkişafına dolayı yolla təsir göstərə bilər. Stress, qorxu və az özünəinam kimi faktorlar hormon balansını poza və böyüməni ləngidə bilər. Buna görə də ailə daxilində sağlam psixoloji mühitin yaradılması vacib sayılır.

Uşağın boy inkişafı pediatr nəzarətində izlənilməlidir. Əgər böyümədə yubanma müşahidə olunursa, valideynlər mütləq mütəxəssisə müraciət etməlidirlər. Bəzi hallarda hormonal və ya metabolik səbəblər də inkişaf geriliyinə səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, uşaqların boy potensialının tam reallaşması üçün düzgün qidalanma, kifayət qədər yuxu və aktiv həyat tərzi əsas şərtlərdir. Bu amillərə diqqət yetirildikdə genetik imkanlar maksimum dərəcədə istifadə olunur.

Seçilən
7
32
far.az

10Mənbələr