AZ

Uşaqlarda miopiya artır -Səbəb bunlardır

Son illərdə uşaqlarda miopiya (uzağı yaxşı görə bilməmə) halları ciddi şəkildə artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Göz Xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Betül Tuğcu məlumat verib.

O bildirib ki, bu artımın əsas səbəbləri arasında telefon, planşet və kompüter qarşısında uzun müddət qalmaq, çox yaxın məsafəyə baxmaq və yetərincə gün işığına çıxmamaq dayanır.

Prof. Dr. Tuğcu bildirib ki, miopiyanın irəliləməsinin qarşısını almaq üçün xüsusi hazırlanmış eynəklər, kontakt linzalar və göz damcıları tətbiq edilir. Amma yalnız tibbi müdaxilə kifayət etmir, ailələr də məsuliyyət daşıyır:

“Uşaqlarda ekran fəaliyyəti gündə 2 saatdan artıq olmamalıdır. Hər 20 dəqiqədən bir 5 dəqiqə uzağa baxmaq göz əzələlərinin rahatlaması üçün vacibdir. Ekran 30 sm məsafədə olmalı və işıqlandırma düzgün təmin edilməlidir”.

Bundan əlavə, uşaqların gündə ən azı 2 saat açıq havada gün işığı görməsi tövsiyə olunur. Çünki gün işığı göz inkişafında mühüm rol oynayır.

Miopiyanın irəliləməsi ciddi nəticələrə gətirib çıxara bilər: Retina yırtılması, göz daxili təzyiqin artması (qlaukoma), dekolman, hətta sarı nöqtə xəstəliyinə yol aça bilər.

Tuğcunun sözlərinə görə, bu problem müasir dövrün ən ciddi sağlamlıq problemlərindən biridir və qarşıdakı 10 ildə vəziyyət daha da ağırlaşa bilər. Hazırda bir çox elmi tədqiqat məhz bu problemin qarşısının alınması istiqamətində aparılır.

Valideynlər ekran istifadəsinə nəzarəti gücləndirməli, uşaqların göz sağlamlığını qorumaq üçün açıq havada vaxt keçirməsinə şərait yaratmalıdırlar. Miopiya sadə bir görmə problemi kimi qəbul edilməməli, ciddi yanaşılmalıdır.

Nuriyyə NATİQQIZI

Seçilən
14
5
redaktor.az

10Mənbələr