Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas Azərbaycanda polis əməkdaşlarının sosial vəziyyətindən danışıb.
Məlumata görə, deputat postsovet məkanında ölkənin təhlükəsizliyinin təmin olunmasında Azərbaycan polisinin xüsusi rol oynadığını qeyd edib:
“Onların sosial şəraitinin yaxşılaşdırılması vacibdir. Biz gecələr rahat yatırıqsa, bu, bizi qoruyan polislərin sayəsindədir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində polislər qəhrəmanlıq göstəriblər. 62 polis əməkdaşına Milli Qəhrəman adı verilib. Mən çox istəyirəm ki, polislərin maaşı artırılsın. Çünki polisin gecəsi-gündüzü yoxdur, amma ən az maaşı polislər alır”.
Qeyd edək ki, Aqil Abbasın oğlu Tuncay Abbas Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi işləyib. O, 2024-cü ildə DİN-dəki vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidmətində fəaliyyətə başlayıb.