“Sabah”ın İdarə Heyətinin üzvü İqor Ponomaryov Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovla yeni müqavilə imzalanmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, olimpiya çempionu “legalbet.kz” saytına açıqlamasında 32 yaşlı qolkiperin oyunu ilə buna layiq olduğunu deyib.
O, komanda yoldaşlarının Pokatilova böyük inamının olduğunu vurğulayıb:
“Stas ötən mövsüm komandamızın heyətində çox yaxşı oynadı, müdafiə xəttinə inam verdi. Məşqlərdə olduqca zəhmətkeşdir, yaxşı insandır.
Belə demək olar – qapıya keçdi və onu heç kimə vermədi. Buna görə də yeni müqavilə imzalanması qərara alındı”.
Bu ilin əvvəlində “Sabah”a keçən Pokatilov 19 oyunda çıxış edib, 21 qol buraxıb. Onun “Sabah”la yeni müqaviləsi 2026-cı ilin yayına qədərdir.