Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Neapolda tədqiqatçılar məşhur Valaxiya hökmdarı Vlad Drakulaya aid olduğu iddia edilən məzar üzərindəki yazıların bir hissəsini deşifrə edib. Lakin bu qalıqların İtaliyaya necə gətirildiyi hələ də məluç deyil.
Cənubi İtaliyanın Neapol şəhərində yerləşən Santa-Mariya-la-Nova kilsəsində tədqiqatçılar tərəfindən aparılan araşdırmalar, tarixdə "Drakula" adı ilə tanınan Valaxiya hökmdarı Vlad III-ə aid olduğu güman edilən məzar daşındakı qədim yazıların bir hissəsinin deşifrə olunduğunu üzə çıxarıb.
Tərcümə işlərinə rəhbərlik edən doktor Kristian Tufanın sözlərinə görə, yazının əsas hissəsi qədim yunan dilində olsa da, burada beş balkan əlifbasının elementlərinə də rast gəlinib. Yazının 1480-ci ilə aid olduğu bildirilir.
Deşifrə olunan frazalardan bəziləri bunlardır:
“Valaxların hökmdarı Vlad”
“Rumınların və valaxların imperatoru”
“İki dəfə öldürüldü”, “qaçdı”, “yenidən yaşadı”
“Şəhid kimi ehtiram gördü”, “həmişə Tanrını ucaltdı”
Alimlər yazının tam mətnini 2025-ci ilin payızında ictimaiyyətə təqdim etməyi planlaşdırırlar.
Məzarın mənşəyi mübahisəlidir
Uzun illər Drakulanın məzarının Buxarest yaxınlığındakı Snqov monastırında olduğu güman edilirdi. Lakin daha sonra orada heç bir insan qalığının olmadığı müəyyən edilib. Eyni monastırda tapılan ikinci məzar da tarixçilər arasında yeni fərziyyələr doğurmuşdu.
2010-cu illərdən başlayaraq Neapolda qeyri-adi bir məzar üzərində aparılan araşdırmalar, yazıların içində "Vlad" və "Valaxiya" kimi ifadələrin yer alması ilə bu yerin Drakulaya aid ola biləcəyini gündəmə gətirib.
Tədqiqatçılar bu versiyanı Vlad Drakulanın qızı olduğu iddia edilən Mariya Balşanın Neapol zadəganı, Aragon diplomatı Cakomo Alfonso Ferrillo ilə evlənməsi ilə əlaqələndirirlər. Onların fikrincə, Drakulanın cəsədi qohumluq əlaqələri vasitəsilə İtaliyaya gətirilib və başqa bir şəxsin kimliyi altında dəfn olunub.
Ziddiyyətli tarixlər və paralel məzar
Məzar daşının digər tərəfində 1499-cu il tarixi qeyd olunub – bu isə Drakulanın ölüm tarixi kimi göstərilən 1476-cı illə ziddiyyət təşkil edir. Eyni zamanda, həmin məzarın Aragon zadəganı Mattius Ferrilloya aid olduğu da yazılıb.
Drakulanın həmin məzarda gizli şəkildə dəfn edildiyinə inananlar hesab edirlər ki, hansısa dövrdə Ferrillonun qalıqları çıxarılıb və yerinə Vlad Drakulanın sümükləri yerləşdirilib. Bu fərziyyənin sübutu üçün isə arxeoloji və genetik analizlər tələb olunur.
Əlavə mübahisə isə Drakulanın qızı Mariya Balşanın tarixi mövcudluğuna dair sənədlərin qeyri-müəyyənliyidir.
Xatırladaq ki, Vlad III, Valaxiyada 15-ci əsrdə hökmranlıq etmiş, sərt və qəddar idarəçiliyi ilə tanınıb. Onun haqqında dolaşan əfsanələr daha sonralar Bram Stokerin məşhur "Drakula" romanına ilham mənbəyi olub.
S.ELAY
XQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.