Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İstanbula gəlişimin ikinci günündə əvvəlcədən planlaşdırdığım, amma işlərin çoxluğundan vaxt tapa bilmədiyim arzularımdan birini reallaşdırdım. Azərbaycan kəlməsini ilk dəfə qəzet səhifələrinə gətirən, milli kimlik axtarışlarını müzakirə müstəvisinə yönəldən, ilk anadilli mətbəə yaradan, " Quran "nı tərcümə edən, uşaqların təlim -tərbiyyəsi ilə bağlı dərslik yazan Ünsizadə qardaşlarının yaşca və başca ən böyüyü Səid Ünsizadınin ( 1842- 1903 ) məzarını ziyarət elədim. Səid əfəndi müqəddəs bir məkanda, Osmanlı dövlətinin sultanları, şahzadələri, sərkərdələri, elm-bilim insanları və övliyalarının uyuduğu bir məkanda, Fatih camii həzirəsində dəfn olunub. Bu şərəfə ancaq və ancaq seçilmişlər layiq görülüb. Hər kəsə, sıradan birinə bu haqqın tanınması qeyri -mümkündür. Bu haqqı zamanın, dövlətin, dövrün və səltənətin şərtləri, qadağası, əsrlərlə daşlaşan qaydaları müəyyənləşdirib. Baş daşında yazıldığı kimi "bu məzarda əbədi yolculuğa varanın kimliyini bilmək istəsən kitabxanalarda axtarmalısan". Səid əfəndi kiabxanalarda axtarılacaq o şəxsiyyətdir ki, Tiflisdə 1878 - ci ildə " Əkinçi " qəzetindən sonra ikinci anadilli mətbuatımız " Ziya"nı ( " Ziyayi- Qafqasiyə" ni ) yaradıb, ilk milli mətbəəni qurub, gələcək dövlətimizin adı Azərbaycan kəlməsini ilk dəfə anadilli mətbuatımıza gətirib. Özü ilə bərabər qardaşları Cəlalı, Kamalı , övladlarını və hətta kürəkənini marifçilik missiyasının ən yaxşı vasitəsi olan qəzetçiliyə cəlb edib. Onlara yazmağı, düşünməyi, millət yolunda fədakarlığı öyrədib, mətbuatımızın "Ünsizadələr mərhələsi" ni yaradıb. Daşbasma üsulu ilə qurduğu özəl mətbəəsində dini kitablarla yanaşı Avropa və Rus ədəbiyyatının örnəklərini türkcə nəşr edib, marifçilik missiyasını ,iyinlərində uğurla apara bilib. 1890 -ci ildən başlayaraq Ünsizadələr Rusiyanın Qafqazlardakı hakim elitasının basqıları ilə üzləşib, qardaşların fəaliyyətinə qadağalar qoyulub, əsassız ittihamlar, şər-böhtanlarla üz-üzə qalıblar. Pantürkizmdə-panislamizmdə ittiham olunan Səid əfəndi Rusiya dövlətinə bir neçə dəfə rəsmi müraciət edərək Türkiyəyə köçməsinə içazə verilməsini xahiş edib. Amma mühacirətə rəsmi razılıq verilməsə də saxta sənədlərlə İstanbula keçməyi bacarıb. Həmin dövrdə İstanbulda təhsil alan Ömər Faiq Nemanzadə sonralar memuarında yazırdı ki, Səid əfəndi Ünsizadə hamını heyrətə salacaq addım ataraq pasportsuz Türkiyəyə gələ bildi. 1892 -ci ildə Səid əfəndinin İstanbul həyatı başlayır. Öncə Osmanlı dövlətinin Maarif Məclisində , bir müddət Şəriyyə (ruhani) idarəsində çalışıb. Yetərincə bilgili olması, Rusiyanın ictimai- iyasi durumunu və Qafqazları cox yaxşı bilməsi Səid əfəndini Osmanlı sarayına yolunu açıb. Türkiyənin arxiv məlumatlarına görə, Səid əfəndi 1892- ci ildə Mübeyndə Sultan İkinçi Əbdülhəmidin hüzuruna çıxarılır və onunla görüşür. Rusiya-Türkiyə müharibələrinin sona çatmadığı bir dövrdə Rusiyaya qarşı aparılacaq siyasətin formalaşmasında, qərarların qəbulunda təbii ki, sarayla əlaqəli çalışan Səid əfəndinin rolu var. Osmanlı dövləti Səid Ünsizadəyə aylıq maaş kəsib, evlə təmin edib. İstanbula mühacirət edən Cəlal əfəndi Ünsizadə də Osmanl dövlətinin imtiyazlarından yararlanır, tərcümələr edir, "Məlumat" qəzetində çalışır, rusca qəzetlərdən etdiyi tərcümələr xarici siyasət idarəsində çalışanların işinə yarayır. Türkiyə Xariçi İşlər nazirliyində rəsmi işçi sifətilə calışan Cəlal əfəndi Ünsizadə vaxtilə Tiflisdə çap etdirdiyi "Kəşkül" dən sonra "Daniş" adlı qəzet çıxarmaq istəyir, amma icazə ala bilmir. Atatürkün hakimiyyətinin ilk illərində rusca qəzet nəşr etmək həvəsinin üzərinə soyuq su tökülür. 1933 - cü ildə Ankarada vəfat edir, məzar yeri bilinmir. Amma Böyük Ünsizadə Səid əfəndi Osmanlı səltənətinin ən müqəddəslərinin dəfn olunduğu həzirədə, 130 saylı məzarda uyuyur.
Fatih camii həzirəsi təmir olunduğundan Səid əfəndinin məzarını ziyarət etmək çətin bir iş idi. Sağ olsun camini idarə edən rəhbərlik, bu imkanı yaratmaqla Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsində savab bir iş gördü. Səid əfəndi Ünsizadənin məzarı cox sadədir. İki baş daşı, sinə daşı və üzərində yazılar var. Amma məzar tamamilə yeniləndiyi ücün yazılar da müvəqqəti silinib, bir il içində aparılan təmir sonrası əvvəlki vəziyyətinə qaytarılacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.