ain.az, Sia Az saytına istinadən bildirir.
Son onilliklərdə texnoloji tərəqqi insane həyatını köklü şəkildə dəyişib. Bu dəyişikliklərin başında isə süni intellekt (Sİ) texnologiyları dayanır. Əvvəllər yalnız elmi-fantastik filmlərdə rast gəldiyimiz bu texnologiya artıq real həyatın ayrılmaz hissəsinə çevrilib. Həm gündəlik, həm də iqtisadiyyat, elm, səhiyyə, təhsil və bir çox digər sahələr süni intellektin təsir dairəsinə daxil olub.
Bəs süni intellektin dünyaya və insanlara hansı xeyirləri var?
SİA mövzu ilə bağlı araşdırma edib.
Süni İntellektin Xeyirləri
1. Səhiyyədə inqilabi dəyişikliklər
Süni intellekt xəstəliklərin diaqnostikasında, tibbi analizlərin aparılmasında və fərdi müalicə planlarının hazırlanmasında böyük rol oynayır. Məsələn, Sİ əsaslı alqoritmlər onkoloji və kardioloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasında həkimlərə yardım edir. Bu da xəstəliklərin vaxtında müalicəsini və ölüm riskinin azalmasını təmin edir.
2. Təhsildə fərdiləşdirilmiş yanaşma
Süni intellekt texnologiyaları sayəsində şagird və tələbələrin tədris ehtiyaclarına uyğun fərdi proqramlar hazırlanır. Onların inkişaf səviyyəsi avtomatik təhlil olunur və uyğun dərs planları təklif edilir. Bu, təhsilin keyfiyyətini artırmaqla yanaşı, müəllimlərin işini də asanlaşdırır.
3. İstehsalatda məhsuldarlığın artması
Sənaye və istehsalat müəssisələrində Sİ sistemləri istehsal proseslərini optimallaşdırmaqla xərcləri azaldır və məhsuldarlığı artırır. Avtomatlaşdırılmış robotlar, sensor sistemlər və süni intellekt proqramları istehsalda insan faktorundan asılılığı azaldır.
4. Gündəlik həyatın sadələşdirilməsi
Ağıllı köməkçilər (məsələn, Siri, Alexa), avtomatlaşdırılmış ev sistemləri (ağıllı işıqlandırma, təhlükəsizlik, istilik sistemləri) artıq bir çox ailənin gündəlik həyatında yer alır. Onlar vaxt itkisinin qarşısını alır və insanlara rahatlıq verir.
5. Kənd təsərrüfatında texnoloji dəstək
Kənd təsərrüfatında Sİ əsaslı sistemlər torpaq və məhsul analizləri aparır, optimal əkin vaxtını müəyyənləşdirir və məhsuldarlığı artırmaq üçün tövsiyələr verir. Bu da ərzaq təhlükəsizliyi üçün vacib addımdır.
Gələcəkdə Süni İntellektin Gətirə Biləcəyi Yeniliklər
1. Tam avtomatlaşdırılmış nəqliyyat
Avtonom avtomobillər artıq sınaq mərhələsindədir. Gələcəkdə süni intellektin dəstəyi ilə sürücüsüz avtomobillər şəhər nəqliyyatının əsas iştirakçılarına çevriləcək. Bu, yol qəzalarının azalması və nəqliyyatın səmərəliliyinin artması deməkdir.
2. Hüquq və məhkəmə sistemində dəstək
Gələcəkdə süni intellekt hüquqi sənədlərin təhlilində, məhkəmə qərarlarının proqnozlaşdırılmasında və hüquq sistemində daha obyektiv qərarların qəbul edilməsində istifadə oluna bilər.
3. Yeni iş yerlərinin yaradılması
Əksəriyyət süni intellektin iş yerlərini əlindən alacağından narahat olsa da, bu texnologiya yeni peşə sahələrinin yaranmasına da səbəb olacaq. Məsələn, Sİ mühəndisi, etik analitik, süni intellekt psixoloqu kimi yeni ixtisaslara ehtiyac artacaq.
4. Emosional intellektə malik sistemlər
Hazırda tədqiqatçılar insan duyğularını tanıya bilən və onlara uyğun reaksiya verən sistemlər üzərində çalışırlar. Bu cür sistemlər psixoloji dəstək, autizm kimi sosial çətinlikləri olan insanlara yardım və müştəri xidmətlərində inqilabi dəyişikliklər gətirə bilər.
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Həsənov fikirlərində bildirib ki, Süni intellekt artıq həyatımızın demək olar ki, hər sahəsində öz yerini tapıb: “Gündəlik işlərimizdə bizə həm vaxt qazandırır, həm də işlərimizi daha səmərəli və dəqiq şəkildə yerinə yetirməyə imkan verir. Onun ən böyük üstünlüyü odur ki, çox böyük və qarışıq məlumatları qısa zamanda analiz edir və nəticələr çıxarır. Bu isə insan səhvlərinin azalmasına və qərarların daha düzgün verilməsinə səbəb olur. Məsələn, səhiyyə sahəsində süni intellekt həkimlərə kömək edir ki, xəstəlikləri daha tez və düzgün diaqnoz etsinlər. Hətta bəzi xəstəlikləri əvvəldən aşkar edərək müalicəyə vaxtında başlamağa imkan yaradır”.
Mütəxəssis qeyd edib ki, təhsil sahəsində isə (SI) hər şagirdin öyrənmə sürətinə və ehtiyaclarına uyğun fərdi tədris planları və s. hazırlaya bilir: “Eyni zamanda, süni intellekt yeni texnologiyaların inkişafını da sürətləndirir. Misal, sürücüsüz avtomobillər artıq real həyatda sınaqdan keçirilir və yaxın gələcəkdə geniş yayılacağı gözlənilir. Ağıllı şəhərlər qurulur bu şəhərlərdə enerji sərfiyyatı, nəqliyyat axını və ictimai təhlükəsizlik SI vasitəsilə idarə olunur.
Robototexnika da bu prosesin ayrılmaz hissəsidir. Artıq bir çox sahələrdə robotlar insanlara yardım edir və onların yükünü azaldır. Bütün bunlar həm rahatlıq yaradır, həm də texnologiya sahəsində yeni iş imkanları açır. Amma bütün bu inkişaflarla yanaşı, süni intellektin gətirdiyi risklər və problemlər də var. Ən önəmli məsələlərdən biri məlumatların məxfiliyidir. İnsanlara aid şəxsi məlumatların necə toplandığı və necə istifadə edildiyi ciddi nəzarət altında olmalıdır”- deyə E.Həsənov əlavə edib.
Bununla yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü Fərid Kazımov süni intellekt məsələsinin çoxşaxəli bir mövzuya çevrilmiş olduğunu qeyd edib. O bildirib ki, belə ki, bu texnologiya həyatımıza çox dərindən və əhəmiyyətli şəkildə təsir göstərmiş və göstərməkdədir: "Bununla yanaşı, süni intellektin müəyyən təhlükələri də mövcuddur. Eyni zamanda “süni intellekt bizi əvəz edəcəkmi?” sualı da gündəmdədir. Mövcud tendensiyalara nəzər saldıqda belə qənaətə gəlmək olar ki, bu texnologiya gələcəkdə insan fəaliyyətinin bir çox sahələrini əvəz edə bilər.
Hazırda süni intellekt əsasən insanların gündəlik məlumat axtarışında istifadə etdiyi alətlərdən birinə çevrilmişdir. Əgər sadə bir nümunə götürsək, süni intellektin bir növ Google Search funksiyasını əvəz etdiyini söyləmək mümkündür. Müxtəlif format və platformalarda təqdim olunan süni intellekt əsaslı sistemlər – chatbotlar, dil modelləri və digər vasitələr – artıq insanların məlumat axtarışını daha effektiv şəkildə həyata keçirməsinə imkan yaradır".
F. Kazımov vurğulayıb ki, süni intellekt vasitəsilə bir iş peşəkar olmayan insana belə tapşırıla bilər: "Bu da insanların peşəkarlıqlarının ucuzlaşmasına gətirib çıxara bilir. Artıq bir insanın uzun illər boyunca təcrübə yığmasına ehtiyac yoxdur. Süni intellektə düzgün göstəriş verməklə istədiyiniz nəticəni əldə etmək olar.
Fikrimcə süni intellektdən köməkçi formada istifadə etmək lazımdır. Ona bütün açarları verdikdə, 50-100 il sonra böyük fəsadlara yol aça bilər. Həmçinin süni intellekti istifadə etmədiyimiz zaman söndürməyi bacarmalıyıq ki, gələcəkdə problemlərə yol açmasın"-deyə o əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.