AZ

Kibersuveren dövlətin formalaşdırılması istiqamətində konseptual yanaşmalar işlənilir

Bakı, 3 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Kibersuveren dövlətlərin formalaşdırılması kontekstində beynəlxalq kibertəhlükəsizlik indekslərinin və qiymətləndirmə metodlarının analizi” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyevlə birgə müəllifi olduqları məruzəni institutun böyük elmi işçisi Könül Daşdəmirova təqdim edib.

Məruzəçi qlobal və milli səviyyədə tətbiq olunan əsas kibertəhlükəsizlik indeksləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu indekslər ölkələrin hüquqi və institusional bazalarını, texniki imkanlarını, beynəlxalq əməkdaşlıq səviyyəsini və rəqəmsal təhlükəsizlik göstəricilərini qiymətləndirmək üçün mühüm vasitə rolunu oynayır. Müxtəlif qiymətləndirmə meyarlarına əsaslanan bu modellər kibertəhlükəsizlik üzrə mövcud vəziyyətin obyektiv şəkildə təhlilinə və inkişaf istiqamətlərinin müəyyən olunmasına şərait yaradır.

Tədqiqatçı ölkələrin kibertəhlükəsizlik sahəsindəki mövcud vəziyyətini qiymətləndirmək üçün bir sıra meyarlardan istifadə olunduğunu qeyd edərək, kibertəhlükəsizlik sahəsinə hüquqi, təşkilati, elmi-tədqiqat və innovasiya, tədris və beynəlxalq əməkdaşlıq yanaşmalarının kompleks tətbiqinin zəruriliyini vurğulayıb.

Məruzənin həmmüəllifi, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev çıxış edərək dinamik şəkildə inkişaf etməkdə olan qlobal kibertəhlükəsizlik mühitinin obyektiv qiymətləndirilməsi məqsədilə fərqli metodologiyalara əsaslanan beynəlxalq indekslərin geniş tətbiq olunduğunu diqqətə çatdırıb. O, kibermühitdə proqram təminatının istifadəsini və sazlanmasını heç bir kənar müdaxilə olmadan müstəqil şəkildə həyata keçirmək imkanlarının mövcudluğunun kibersuverenliyin əsas göstəricisi olduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev mövzuya dair çıxış edərək rəqəmsallaşma proseslərinin sürətlə davam etdiyi bir mərhələdə kibertəhlükəsizliyin və kibersuverenliyin təmin olunmasının ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məsələlərdən olduğunu vurğulayıb. Alim bu gün ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması məsələsinə böyük diqqət ayrıldığını və bu məqsədlə ölkə rəhbərliyi tərəfindən bir sıra dövlət əhəmiyyətli sənədlərin qəbul olunduğunu vurğulayıb. Baş direktor məruzədə ölkəmizdə bu sahədə qəbul edilmiş rəsmi sənədlərin elmi-analitik təhlili, eləcə də kibertəhlükəsizlik üzrə mövcud vəziyyətin qiymətləndirilməsi istiqamətində tədqiqatlara daha geniş yer ayrılmasının önəminə toxunub. O, həmçinin iş çərçivəsində kiberdayanıqlığın artırılması üzrə konseptual yanaşmaların və praktik təkliflərin işlənib-hazırlanmasının zəruri məsələlərdən olduğuna diqqət çəkib.

 

Seçilən
14
50
azertag.az

10Mənbələr