AZ

“Uşaqlarımızı dekorasiyanın arxasında gizlədirdik ki, ermənilər hücum edəndə özümüzü qabağa verək” - FOTO+ÖZƏL

“1977-ci ildə İrəvanda yaşayarkən sənət fəaliyyətimə başlamışam. 1988-ci ildəki hadisələrlə bağlı Bakıya gəlmişik. Universiteti bitirəndən sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmağa başlamışam. Mən həm konsert proqramları ilə çıxış edirdim, həm də teatrdakı tamaşalarla.. Azərbaycan kəndlərinə tamaşalarla, erməni kəndlərinə isə konsertlərlə gedirdik. Bu teatrın alnına əzab-əziyyətin içində yaşayıb, yaratmaq yazılıb. Həmçinin də mənim alnıma”.
 
Bunu Moderator.az-a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının akrisası Səmayə İsmayılova deyib.
 
O daha sonra əlavə edib:
 
“Mən orada çalışan bütün aktyorları teatr fədailəri hesab edirəm. 365 günün 300 gününü orada təkər üstündə idik. Teatrı yaşatmaq üçün qastrollara gedirdik. Çünki büdcə çox az idi. Bütün həyatımız səfərlərdə keçirdi. Övladlarımız aktyorların geyimlərinin arasında yatırdı. Ermənilərin gülləsi altında konsert verirdik. Konsert və tamaşa bitən kimi avtomatla üstümüzə gəlirdilər. Övladlarımızı dekorasiyanın arxasında gizlədirdik ki, birdən nəsə baş verərsə, özümüzü qabağa verə bilək. Teatrımızın İrəvanda da binası yox idi.. Mədəniyyət evinin bir küncünü bizə vermişdilər. 7-8 il teatrdan uzaqlaşıb Azərbaycan Dövlət Televiziyasında solist kimi çalışdım. 2007-ci ildən qayıtdım doğma teatrıma”, - deyə sənətkar bildirib.
 
Aktrisa bildirib ki, hələ də sənətdə çəkdiyi əziyyətin qarşılığını ala bilməyib:
 
“Mən çəkdiyim əziyyətin haqqını ala bilmədim. Bu məni sözün əsl mənasında sıxır. Səbəbini bilmirəm. 51 illik sənət fəaliyyətim var. Bir gün belə olsun bu sahədən uzaqlaşmamışam. Heç vaxt da bu problemi dilimə gətirməmişəm. Amma indi gətirirəm. İnsan özü öz əziyyətini dilinə gətirməyəndə, başqaları üçün də həmin problem maraqlı olmur. Mən heç kimdən heç nə istəmirəm. Mən İrəvanda o teatr üçün çəkdiyim həmin əziyyətin haqqını istəyirəm. Böyük şey istəmirəm ki.. Bütün müğənnilər toylarda, konsertlərdə, kefdə-damaqda olanda, mən cəbhə bölgəsində canımı qoymuşam. 1989-1997-ci il ərəfəsində cəbhə bölgəsinin elə yerləri olmayıb ki, orada olmayıb. Xərəkdə xəstə, bizim isə əlimizdə qaval “Qarabağ şikəstəsi” oxumuşuq. Arif Babayev və başqa sənətkarlar buna şahiddir. Nə fəxri adım var, nə də mükafat alıram. Bir il mükafat almışam. Aktyorlar sənət fədailəridir. Mən müğənniləri sənət fədailəri hesab etmirəm. Mən müğənni kimi heç nə istəmirəm, amma aktyor kimi haqqımı istəyirəm”, - deyə aktrisa bildirib.
 
Səmayə İsmayılova doğma İrəvana qayıdacağı günü səbirsizliklə gözləyir:
 
“Bu yaşımda böyük məmnuniyyətlə uça-uça gedərəm doğma torpağıma. Gözləyirik. Qərbi Azərbaycan İcmasının və prezidentimizin apardığı ən böyük siyasət həmin torpaqlara yenidən qayıtmağımızla bağlıdır. Onlar bizim torpaqlardır. Təsəvvürümə belə gətirə bilmirəm ki, o torpaq yad əllərdə inildəyir, zarıyır. Öz insanlarını görmək üçün. Mən hər gecə yuxularımda oradayam. Biz insanıq.. İnsan həyatda hər şeyini itirir. Atamızı-anamızı itirmişik. Amma vətən ağrısını heç bir ağrı əvəz edə bilməz. Bu tamam başqa bir ağrıdır”, - deyə sənətçi bildirib.
Seçilən
20
50
moderator.az

10Mənbələr