Turab Rzayev: “Rusiya münasibətləri gərginləşdirmək üçün təzyiq alətlərindən istifadə edir”
“Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bunun üçün əllərini ovuşduranlar çoxdur, ancaq onlar məyus olacaqlar. Çünki bizim üçün, hesab edirəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünməlidirlər”, - Zaxarova qeyd edib.
Diplomat Rusiyanın Azərbaycanla uzun illərdir qarşılıqlı maraqların nəzərə alınması və hörmətli münasibəti nəzərdə tutan əlaqələr qurduğunu iddia edib: “Bizi çox şeylər birləşdirir, çoxsaylı sənədlər imzalanıb”.
Azərbaycan hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”da keçirdikləri əməliyyat çərçivəsində Rusiya vətəndaşlarının saxlanılmasından danışan Zaxarova xatırladıb ki, iyulun 1-də Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona “sərt demarş” verilib:
“Hesab edirəm ki, indi müşahidə etdiyimiz bir sıra aspektlər və ya bir sıra məqamlar, yumşaq desək, ikitərəfli münasibətlərə töhfə vermir, əksinə, onları daha da pisləşdirir. Bütün bunlar dünən səfirə bildirilib. Ona görə də hazırda iş gedir”.
Xatırladaq ki, iyunun 30-da “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb. Redaksiyada keçirilmiş əməliyyat çərçivəsində iki Rusiya vətəndaşı saxlanılıb. Onların Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olduğu bildirilir.
İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
Politoloq Turab Rzayev Sherg.az-a deyib ki, Zaxarovanın açıqlamasında iki əsas istiqamət açıq şəkildə görünür:

"Birinci istiqamət ondan ibarətdir ki, Rusiya Azərbaycanla münasibətləri gərginləşdirmək istəmir. İkinci istiqamət isə həm Azərbaycanda, həm də xaricdə bu münasibətləri gərginləşdirməkdə maraqlı olan qüvvələr mövcuddur. Onlar bu addımlarının nəticələrini düzgün hesablaya bilmirlər. Yəni bu açıqlamada həm dostluq, həm də gizli təhdid mesajları var. Bildirilir ki, Rusiya Azərbaycanla normal və dostcasına münasibətlər saxlamaq niyyətindədir. Hətta bu münasibətləri dostluq və tərəfdaşlıq ruhunda davam etdirmək istəyir. Amma paralel olaraq açıq bir təhdid də yer alır: dostluq münasibətlərini pozmağa çalışanlar bu addımlarının nəticələri barədə ciddi düşünməlidirlər. Başqa sözlə, Rusiya dolayısıyla bildirir ki, belə halların nəticələri Azərbaycan və ya münasibətləri korlamağa çalışan digər qüvvələr üçün ağır ola bilər. Əsas məsələ ondadır ki, Rusiya, əslində, Azərbaycanı müəyyən istəklərinə məcbur etmək üçün münasibətlərdə təzyiq alətindən istifadə edir. İstər təyyarə insidenti olsun, istər gömrük və sərhəd məsələləri, istərsə də Rusiya rəsmilərinin və ya Dövlət Dumasının bəzi üzvlərinin Azərbaycanla bağlı səsləndirdikləri tənqidi fikirlər – bütün bunlar Rusiyadan qaynaqlanır".
Politoloqun fikrincə, Rusiya bu addımlarla Azərbaycanı öz maraqları istiqamətində yönləndirməyə çalışır:
"Amma Azərbaycan heç vaxt bu təzyiqlərə boyun əyməyib. Əksinə, hər zaman adekvat cavab verib. Azərbaycan Rusiyanın ittihamlarına qarşı prinsipial mövqe ortaya qoyaraq sübut edib ki, onunla güc dili ilə danışmaq mümkün deyil. Bunu gördükdə Rusiya yenidən dostluq və qardaşlıq mesajlarına qayıdır. Halbuki bu mesajları əvvəldən də verə bilərdi. Amma görürük ki, Rusiya yalnız Azərbaycan müqavimət göstərdikdə bu tonaya keçir. Məsələn, təyyarə məsələsində, əvvəldən sanki quşlara, balonlara atəş açılırmış kimi davranıldı. Amma sonradan bu addımların məqsədi etiraf edildi. İndi də eyni taktika müşahidə olunur. Rusiya tərəfindən Azərbaycana yönələn bəzi incə mesajlarda deyilir ki, bu mövqelər Azərbaycan üçün peşmançılıqla nəticələnə və daha mənfi nəticələr doğura bilər. Ümumilikdə isə, bu açıqlamada aranı qızışdıran, münasibətləri gərginləşdirən müxtəlif qüvvələrin olduğu vurğulanır. Amma sonda bildirilir ki, bu münasibətləri pozmaq istəyənlər nəticələri yaxşı düşünməlidirlər.
Əgər bu məsələnin kökü Qərbə gedib çıxırsa, bu zaman Qərb də Rusiya ilə münasibətlərin gərginləşməsində məsuliyyət daşımalıdır".