ain.az bildirir, Ayna portalına istinadən.
Fərhad Məmmədov: “Əgər Kreml tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşilik pislənmirsə, bu qəddarlığın qarşısı alınmırsa, deməli buna icazə verilib”
Yekaternburqda Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının azərbaycanlıların yaşadığı evlərə kütləvi basqınları, zorakı yollarla absurd ittiham irəli sürərək onlarla insanı saxlaması, vəhşiliklə iki azərbaycanlını öldürməsi Azərbaycan-Rusiya münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olub.
Qeyd edək ki, iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları (FTX) Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlıların mənzilinə basqın ediblər. Vəhşi üsullarla saxlanılan azərbaycanlılar 2001-ci ildə öldürülmüş Yunis Paşayev işi ilə bağlı istintaqa cəlb olunublar. Hüquq-mühafizə orqanları əməkdaşlarının zorakı yolla saxlama əməliyyatı zamanı iki azərbaycanlı - əslən Ağdamdan olan Ziyəddin və Səfərov qardaşları öldürülüb. Onların meyitlərinin Bakıda aparılan ekspertizasının nəticələri sübut edir ki, qardaşlar döyülərək, işkəncələrə məruz qoyularaq öldürülüblər.
Azərbaycan tərəfi rəsmi şəkildə Rusiya tərəfdən hadisəyə izah istəyib və günahkarların cəzalandırılmasını tələb edib. Bununla yanaşı, Azərbaycanda Rusiyaya qarşı adekvat addımlar atılıb. Rusiyanın Azərbaycandakı səfirinə etiraz notası təqdim olunandan sonra isə Azərbaycana Moskvadan nota verilib. Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə çağırılıb və nota ona təqdim edilib. Rusiya Azərbaycanı “qeyri dostluqda” ittiham edib və qanunsuz fəaliyyətə görə saxlanılan “Srutnik Azərbaycan” agentliyinin FTX agenti olan əməkdaşlarının sərbəst buraxılmasını tələb edib. Azərbaycan polisinin Rusiya vətəndaşlarından ibarət onal narkotacirlərdən ibarət cinayətkar dəstəni həbs etməsindən sonra isə Moskva daha da azğınlaşıb. Belə ki, yekaternburqda həbs olunan azərbaycanlılara hüquqi yardım göstərən, onların vəkilliyini edən Sverdlovski vilayəti üzrə Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski və oğlu Mutvəli Şıxlinski zorakı yolla saxlanılıblar. Amma Mutvəli, daha sonra şahin Şıxlinski sərbəst buraxılıblar. Məlumat verilib ki, Şıxlinski cinayət işi üzrə şahid qismində çağırılıb. Ekspertlər isə hesab edirlər ki, Rusiya bu addımlarla Bakıya gözdağı və mesaj verməyə çalışır.
Mövzu ətrafında AYNA.AZ-ın suallarını cavablandıran Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov xatırladıb ki, Rusiyada yüz minlərlə Azərbaycan əsilli şəxs yaşayır:
- İlk növbədə Azərbaycan vətəndaşı olan və qanunlara uyğun şəkildə Rusiyada işləyənləri, bir də Rusiya vətəndaşı olan azərbaycanlıları nəzərdə tuturam. Rusiya tərəfindən onlara fərq qoyulmur. Rusiyada ancaq “azərbaycanlılar” deyirlər və onlara qarşı da belə vəhşi əməllər törədilir. Orada kriminalla da məşğul olan insanlar olub, cinayət törədənlər də olub, ölənlər, öldürənlər də olub və s. Amma Yekaternburqdakı hadisəsəyə ona görə belə diqqət göstərildi ki, azərbaycanlılara qarşı xüsusi qəddarlıq edilib, əməliyyatın miqyası böyükdür və əsaslandırma şübhəlidir. Yəni 25 il əvvəl törədilən cinayətlə bağlı birdən-birə 8 evə hüquq-mühafizə orqanı əməkdaşları basqın edir, saxlanılanlara qarşı xüsusi qəddarlıq göstərilir, öldürülənlər olur. Eyni zamanda, bundan sonra informasiya təminatı da şübhəli məqamları ortaya çıxarır. Efirlərdə yüksək vəzifəli şəxslərin Azərbaycan dövləti və azərbaycanlılar haqqında dedikləri, təhqiramiz ifadələr rəsmi Bakıda təəssüratlar yaratmalı idi. Demək ki, bu, adi hadisə deyil. Azərbaycan tərəfinə Yekaterinburqdakı cinayətin təsadüf olmadığı təəssüratı verən də Rusiyanın son 6-7 ayda atdığı addımlardır. Son altı ayda baş vermiş proseslər göstərir ki, Rusiya tərəfinin atdığı addım hansısa cinayət işinə görə şübhəliləri saxlamaq yox, siyasi mesajdır.
- Söhbət hansı prosesdən, Rusiyanın hansı addımlarından gedir?
- Baxın, ötən ilin dekabr ayının sonlarında AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya prezidentləri arasında iki dəfə telefon danışığı oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev ikinci telefon danışığından sonra rəsmi Bakının Moskvadan haqlı gözləntilərini açıq şəkildə bəyan etdi və tələbində israrlı olduğunu göstərdi. Bundan sonra Bakı-Moskva xəttində təmas olmadı. Ancaq mart ayında Rusiya Prezidenti Vladimir Putinin kabinetində Belarus və Tacikistan liderləri birlikdə Azərbaycan Prezidentinə zəng etdilər və Moskvada keçiriləcək 9 may Qələbə Günü ilə bağlı tədbirə dəvət etdilər. Bu dövr ərzində Rusiya tərəfindən Azərbaycana qarşı ikitirəli addımlar atıldı. Birinci istiqamətdəki konstruktiv addımlar idi. Söhbət Azərbaycanın ümummilli lideri Heydər Əliyevə Moskvada heykəl qoyulması üçün yerin verilməsindən, Moskvanın və bütün Rusiyanın patriarxının Bakıya səfərindən, Rusiya Federasiya Şurası rəhbərinin Bakıya gəlişindən, xoş bəyanatlardan, iqtisadi münasibətlərin davam etməsindən gedir. Amma digər tərəfdən Rusiyadan kiberhücumlar edildi, Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması hadisələri oldu. Azərbaycan tərəfi də bu istiqamətdə cavab addımlarını atdı. Konstruktiv addımlara konstruktiv şəkildə cavab verildi, rus rəsmilər ölkəmizdə yüksək səviyyədə qəbul edildi. Rusiyanın qeyri-konstruktiv addımlarına cavab isə Bakıdakı “Rus Evi“nin bağlanması, “Sputnik”in fəaliyyətinin məhdudlaşdırılması ilə cavab verildi. Bakıda gözləntilər vardı ki, Rusiya konstruktiv dialoqda maraqlı olduğunu nümayiş etdirəcək, təyyarə qəzası ilə bağlı tələbləri yerinə yetirəcək. 9 maydan sonra isə iki ölkə arasında siyasi dialoqda durğunluq yarandı. Sizin soruşduğunuz proseslər deyəndə bunları nəzərdə tuturam. Ümid var idi ki, Azərbaycanın gözləntilərinə tədricən müsbət cavablar veriləcək. Lakin biz bunun əksini gördük. Hesab edirəm ki, Yekaternburqdakı hadisə xüsusi şəkildə planlaşdırılmış hadisədir. Əvvəl bildirdilər ki, bu, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatıdır. Maraqlıdır, nə vaxtdan FTX 25 il bundan əvvəl törədilən cinayətlə məşğul olur? Daha sonra bildirildi ki, OMON, polis tərəfindən həyata keçirilib. Əslində isə bu, Rusiya tərəfindən planlaşdırılmış əməliyyatdır ki, bununla mesaj vermək istədilər.
- Belə fikirlər var ki, Rusiya miqrantların ölkədən qovulmasına çalışır. Amma belə iddialar da var ki, Moskva Bakıdan gözləntilərini ala bilmədiyi üçün bu yolla mesaj verir. Sizcə, Rusiya Azərbaycandan nə istəyir?
- Rusiyanın postsovet, xüsusilə də qonşu dövlətlərindən ümumi gözləntiləri var. Bu gözləntilər də ondan ibarətdir ki, həmin ölkələrin ərazilərindən Rusiyaya qarşı istifadə olunmasın. Bu istəklərə Avropa İttifaqına qoşulmamaq, İttifaqla assosiativ müqavilənin imzalanmaması, NATO-ya üzvlüklə bağlı prosedur daxildir. Rusiya bu məsələlərdə özünə təhlükə görür. Prezident Vladimir Putin dəfələrlə deyib ki, Rusiya ilə xoş davranış üçün ölkələr müstəqil olmalıdır və öz ərazilərindən Rusiyaya qarşı istifadəyə imkan verməməlidir. Məlumdur ki, Azərbaycanın Avropa İttifaqına qoşulmaq niyyəti yoxdur və bunda bizim öz səbəblərimiz var. Azərbaycanın NATO üzvü olmaq planı da yoxdur. Biz NATO üzvü olan qardaş Türkiyə ilə təhlükəsizliklə bağlı Şuşa Bəyannaməsi imzalamışıq. Həmçinin Azərbaycan NATO-nu Xəzər hövzəsinə dəvət etmir. Bunları ona görə deyirəm ki, biz Rusiyanın öz qonşularından olan gözləntilərinə cavab veririk. Bilirsiniz, bütün böyük dövlətlər belə davranır. Məsələn, Meksika Çinlə hərbi ittifaq qura bilər? Buna ABŞ-ın reaksiyasını təsəvvür etmək olar. Yəni bütün böyük dövlətlərin qonşularından gözləntisi var ki, biz Rusiyanın gözləntilərinə cavab veririk. Müstəqil siyasət həyata keçiririk, ərazimizdən Rusiyaya qarşı istifadəyə imkan tanımırıq. Məsələ burasındadır ki, Moskva üçün ən proqnozlaşdırılan ölkə məhz Azərbaycandır. Dünya sisteminə baxışda belə Moskva ilə Bakının baxışında üst-üstə düşən məqamlar daha çoxdur, nəinki fikir ayrılığı var. Ola bilər ki, Rusiya Bakının Ukrayna ilə bağlı mövqeyini bəyənmir. Amma bu mövqe Rusiya üçünm sürpriz sayılmır. Azərbaycan ərazi bütövlüyü prinsipinə sadiqdir. Necə ki, 1990-cı illərdə çeçen separatizmi məsələsində Rusiyanın ərazi bütövlüyünü dəstəklədik, indi də Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edirik. Ona görə də, Yekaternburqdakı hadisə müəmmalıdır. Azərbaycan Rusiyanın gözləntilərinə qarşı hansısa addım atmayıb ki, Moskva təzyiq mexanizmlərini işə salır, mesajlar verir.
- O zaman səbəb miqrantları qovmaq niyyətidir?
- Hesab edirəm ki, bu, Rusiyada miqrantlara qarşı siyasətlə bağlıdır. Son 6-7 ay ərzində miqrantlarla bağlı kəskin addımlar atılmasına başlanılıb, qanunvericilik dəyişdirilib, daha da sərtləşdirilib. Miqrantlara davranış baxımından Rusiya bu problemləri Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstanla da yaşamaqdadır. Elə bil, Rusiyadakı şovinist qüvvələrə siqnal verilib ki, onlar hərəkətə keçsinlər, miqrantlara qarşı sərt davranış nümayiş etdirsinlər. Belə görünür ki, millətçi dairələrə icazə verilib ki, miqrantlar təhqir edilsinlər, aşağılansınlar, onlara zor tətbiq edilsin, hətta öldürülsünlər. Əgər belədirsə, bu, Rusiyanın özü üçün problemlidir. Əslində bu, Rusiyaya bir neçə dəfə problem yaradıb. Millətçilik üzərində qurulan yarımhərbi, daha sonra tam hərbi dəstə formalaşdı, nəticədə də həmin dəstə Rusiya hakimiyyətinin özünə qarşı çıxdı. Söhbət Yevgeni Priqojinin “Vaqner”indən gedir. Hazırda həmin proses gedir. Millətçi qüvvələrə sanki şərait yaradılıb, hüquq-mühafizə orqanları çərçivəsində onlara silah verilib və onlar miqrantlara qarşı istədiklərini edirlər. Belə olan şəraitdə də Rusiya qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla problemlər yaşayır.
- Miqrantları çıxarmağın yolu zorakılıqdan, vəhşilikdən keçir?
- Əslində burada bir qədər qürur məsələsi də var. Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı Azərbaycanın tələblərindən xoşlanmır. Yəni Moskva demək istəyir ki, “siz necə cəsarət edib bizdən bunun hesabını istəyə bilərsiniz?!”. İkincisi, Rusiyada belə bir qeyri-rəsmi qanun var ki, müharibə vaxtı hərbçiləri cəzalandırmaq olmaz. Yəni Rusiya təyyarənin vurulmasında günahkar olan hərbçiləri cəzalandırmaq istəmir.
Daha bir məsələ isə miqrantlarla mübarizədir ki, bu da iqtisadi problemlərdən irəli gəlir. İş yerlərinin azalması, miqrantların işlədiyi sahələrdə sistemsizlik hökm sürür. Bu sistemsizliyin aradan qalsırılmasını isə miqrantları zorakılıqla qovmaqda görürlər. Əslində isə bu sistemsizlik də Rusiyanın öz günahıdır. Sistemsizliyin səbəbi qanunların işləməməsi, rüşvətxorluğun tüğyan etməsidir. İndi isə Rusiya problemləri yoluna qoymaq əvəzinə, iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı narazılığı miqrantların üzərinə yönəldirlər. Ənənəvi olaraq da, müsəlman və qafqazlı miqrantları “günah keçisi” seçirlər. Necə deyərlər, “ən yaxşı günahkar miqrantlardır”.
- Azərbaycanın atdığı addımları necə qiymətləndirirsiniz?
- Bilirsiniz, Azərbaycan rəhbərliyi insan faktoruna həssas yanaşır. AZAL-ın təyyarəsinin vurulması nəticəsində Azərbaycan vətəndaşları, azərbaycanlılar həlak olduğu üçün Prezident İlham Əliyev bu məsələni öz səviyyəsinə qaldırdı. Yekaternburqdakı hadisədə də insan faktoru var. Hər şeyi bağışlamaq mümkündür. Məsələn, Azərbaycan pomidorunda virus tapa bilərlər, iqtisadi məsələlərdə geriləmə ola bilər, hər şeyə dözmək mümkündür. Amma Azərbaycan dövlətinin insan faktoruna dözümü sıfır səviyyəsindədir. Bu, birbaşa azərbaycanlılara qarşı qorxu hissini aşılamaq, Rusiyadan azərbaycanlıları qovmaq planına bənzəyir. Azərbaycan da rəsmi addımları ilə öz mövqeyini bildirir ki, bu, “qırmızı xətlərin” keçilməsidir. Rəsmi Bakı da müvafiq addımlarını atdı. Rusiya Baş nazirinin müavininin Azərbaycana səfəri təxirə salındı, parlament nümayəndələrinin səfərləri təxirə salındı, mədəni tədbirlər ləğv edildi. Yəni bütün spektrdə nə mümkündürsə, həyata keçirildi. Əsas hədəf isə Kremldən bu hadisələrə reaksiya verilmə məsələsidir. Azərbaycan mesaj verir ki, bıçaq sümüyə dirənib. Əgər Kreml tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşilik pislənmirsə, bu qəddarlığın qarşısı alınmırsa, deməli buna icazə verilib. Kremldən icazə verilib ki, bu vəhşiliklər törədilib. Əgər belədirsə, Azərbaycanın addımları da bu yanaşmaya adekvatdır. Əgər icazə yox idisə, Kreml bunun qarşısını almalı idi. Biz çox yaxşı bilirik ki, Kreml bunun qarşısını necə ala bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.