Tarixə “12 günlük müharibə” kimi düşən İsrail-İran qarşıdurması tərəflər arasında ziddiyyətlərin nə qədər dərinə işlədiyini açıq şəkildə göstərdi. Ancaq iyunun 24-də ABŞ Prezidenti Donald Trampın təkidi ilə əldə olunan atəşkəs razılaşmasından sonra tərəflər arasında aqressiv ritorika müəyyən qədər səngiyib. Son günlərdə isə İranın nüvə obyektlərinin xüsusi bombalarla sıradan çıxarılmasında əsas rol alan ABŞ-dan dünyada böyük maraqla qarşılanan yeni təşəbbüslər gəlməkdədir. Söhbət İranın nüvə proqramından imtinası müqabilində bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasından gedir.
Danışıqlar bərpa oluna bilər
Qısamüddətli dağıdıcı müharibəyədək Tehran və Vaşinqton arasında İranın nüvə proqramı üzrə danışıqların beş raundu baş tutmuşdu. Omanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində üç görüş Maskatda və iki görüş Romada keçirilmişdi.
Qeyd edək ki, beşinci raunddan əvvəl tərəflər arasında ziddiyyətlər daha da kəskinləşmişdi. Verilən məlumata görə, danışıqlardan əvvəl ABŞ İrandan uranın zənginləşdirilməsindən tamam əl çəkməsini tələb edib. İran tərəfi bu tələbi qəbuledilməz sayaraq ABŞ-ın Tehranın uranın zənginləşdirilməsi texnologiyasından imtina etməsində israrlı olacağı təqdirdə tərəflərin razılığa gələ bilməyəcəyini bildirib. Eyni zamanda, İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması imkanlarının müzakirə mövzusu ola biləcəyinə razılığını diqqətə çatdırıb, həmçinin ölkənin nüvə proqramının dinc xarakter daşıdığını nümayiş etdirmək üçün öz nüvə fəaliyyətlərinə daha çox beynəlxalq nəzarət imkanı yaratmağa hazır olduğunu bildirib. Belə fərqli yanaşmalar məlum arzuolunmaz proseslərlə sonuclandı və danışıqların iyunun 15-nə təyin olunan 6-cı raundu baş tutmadı.
Müharibədən və atəşkəs razılaşmasından sonra isə ABŞ tərəfindən “nüvə proqramından imtina müqabilində sanksiyaların yumşaldılması” təklifi səsləndirilib”. Gələn həftə (bu həftə - red.) biz İranla danışıqlar aparacağıq, saziş imzalaya bilərik. Tehranın sülhsevər siyasət yürüdəcəyi təqdirdə İrana qarşı sanksiyalar ləğv edilə bilər”. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O qeyd edib ki, İranla nüvədən başqa razılaşma onu maraqlandırmır. “Əgər onlar sülhpərvər olsa və bizə daha heç bir zərər verməyəcəklərini nümayiş etdirə bilsələr, mən sanksiyaları ləğv edəcəyəm. İrana qarşı sanksiyalar rejiminin ləğvi “böyük əhəmiyyət kəsb edə bilər”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff isə deyib ki, yaxın bir neçə gün ərzində İran hakimiyyəti ilə Tehranın nüvə proqramı barəsində mümkün razılaşma üzrə danışıqlar aparacaq. Bildirilir ki, danışıqların mövzusu Tehrana qarşı sanksiyaların yumşaldılması müqabilində İranın uranın zənginləşdirilməsini dayandırması olacaq. Danışıqların yeri və İran tərəfinin təmsilçilik səviyyəsi barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, İrana qarşı sanksiyalar yalnız bu ölkənin nüvə proqramına görə tətbiq edilməyib. Cənub qonşumuza qarşı ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyalar həmçinin ölkədə insan haqlarının pozulması, rəsmi Tehranın terrorçuluğu dəstəkləməsi və bu kimi digər amillərlə izah olunur. Təbii ki, İranda bu izahlar qəbul edilmir və sanksiyaların ədalətsiz şəkildə tətbiq edildiyinə diqqət çəkilir.
Böyük bazarlıq - Tehran razılaşacaqmı?
Bu günlərdə CNN telekanalı mənbələrə istinadən xəbər verib ki, Donald Trampın administrasiyası nüvə proqramı üzrə danışıqların bərpası müqabilində İrana qarşı sanksiyaların ləğvi və dondurulmuş aktivlərin 6 milyard dollarının blokdan çıxarılmasını müzakirə edir. Telekanalın məlumatına görə, sazişin əsas şərtlərindən biri İranın uranın zənginləşdirilməsini istisna edən yeni nüvə proqramına 20-30 milyard dollar sərmayə qoymaq ola bilər. Eyni zamanda, Vaşinqton bu vəsaiti təkbaşına ayırmaq niyyətində deyil - maliyyənin ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri tərəfindən təmin ediləcəyi gözlənilir.
Göründüyü kimi, İrana böyük bazarlıq təklif olunur. Rəsmi Tehran buna razılaşacaqmı? Ümumiyyətlə, Ağ Evdən gələn son açıqlamalara istinadən artıq müharibə səhifəsinin çevrildiyini, sülh dönəminin başladığı fikrini ifadə etmək mümkündürmü? Təəssüf ki, hələlik bu suallara birmənalı şəkildə “hə” cavabı vermək çətindir. Cənub qonşumuzun nüvə və bir sıra müdafiə obyektlərinin havadan zərbələrlə vurulmasından sonra iyunun 24 də atəşkəs razılaşmasının əldə olunması ilə region böyük müharibədən qurtulsa da, təhlükənin tam şəkildə sovuşduğu qənaətinə gələ bilmərik. Bu günün reallıqları və keçmişin təcrübəsi atəşkəs razılaşmasının uzunmüddətli olacağına inamı azaldır. Sülh perspektivinə inama zərbə vuran əsas amil isə hər üç tərəfin - ABŞ-ın, İsrailin və İranın özünü qalib kimi təqdim etməsidir. Müharibə tərəfləri kimi çıxış edən üç dövlətin, eyni zamanda, qalib olduğunu düşünmək absurddur. Bu o anlama gəlir ki, tərəflərin hər biri öz mövqeyində israrlıdır. Hazırda üç subyekt arasında ABŞ diqtə edən tərəf kimi görünür. Ağ Evin indiki administrasiyası əvvəlcə İsrailə güclü dəstək verməklə və birbaşa müharibəyə qatılmaqla İrana təzyiq göstərdi. Bunun ardınca isə “sanksiyaların yumşaldılması, dinc nüvə proqramına dəstək” təklifləri səsləndirir. Bu əslində ABŞ tərəfindən İrana təziyqlərin yumşaq güc vasitəsi ilə davam etdirilməsi anlamına gəlir.
Ağ Evdə gündəmə gətirilən yeni ideyaların həyatda təsdiqini tapacağına inamı azaldan həm də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin açıqlamalarıdır. O, xəbərdarlıq edib ki, İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə aya uranın zənginləşdirilməsini bərpa edə bilər. MAQATE rəsmisi ABŞ və İsrailin İrandakı obyektləri vurmasından sonra İranın nüvə proqramının hansı komponentlərini saxladığını bildirib: “Aydındır ki, ciddi ziyan vurulub, lakin birincisi, bu, tam zərər deyil. İkincisi, İranın potensialı var. Sənaye və texnoloji potensial. Əgər istəsələr, bunu yenidən etməyə başlaya bilərlər”.
MAQATE-nin baş direktorunun sözlərinə görə, İran Fordo, Natanz və İsfahanda “uranı emal etmək, çevirmək və zənginləşdirmək üçün müəyyən imkanlara malik olub və hələ də var”. Qrossi əlavə edib ki, bu obyektlər “əsasən dağıdılıb”, lakin “onlardan bəziləri qalıb”.
Digər tərəfdən, qalib İran da öz şərtlərini səsləndirir. İran Prezidenti Məsud Pezeşkian deyib ki, “Tehran İsrailin də təşəbbüsə qoşulması şərti ilə nüvə və kütləvi qırğın silahlarından azad zona yaratmağa hazırdır”. 12 günlük müharibədə İranın hava məkanını özü üçün sərbəst zonaya çevirən və burada istədiyi uçuşları həyata keçirən, müxtəlif strateji əhəmiyyətli obyektlərə nöqtə zərbələri endirən İsrailin qarşı tərəfin bu şərtini qəbul edəcəyi mümkünsüz görünür.
Eyni zamanda, “qəzəbi soyumuş” ABŞ da barmaq silkələməkdən qalmır. Xatırladaq ki, ABŞ Prezidenti NATO sammiti zamanı İrandan gələn bəyanatlara da münasibət bildirərək deyib ki, İran sülhə gəlməyəcəksə və nüvə proqramını, uranın zənginləşdirilməsini davam etdirəcəksə, bundan sonra da bu ölkəyə zərbələr istisna deyil. Bu kimi reallıqlar fonunda “ABŞ İrana qarşı sanksiyaları yumşaldacaqmı” sualının cavabını zamanın öhdəsinə buraxmaq lazım gəlir...
MÜBARİZ