AZ

"ABŞ-ın fəaliyyətsizliyi Putini "qidalandırır" - "The New York Times"

 
"Yeni sanksiyalar olmadan ABŞ-ın siyasəti Rusiyanın hərbi maşınına xidmət edir..."
 
ABŞ prezidenti Donald Trampın hakimiyyətə dönüşündən sonra Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq olunmaması, əksinə, bəzi hallarda mövcud məhdudiyyətlərin yumşaldılması, Kremlə öz "hərbi monstrunu" bəsləmək üçün həm maliyyə, həm də texnoloji resurslar əldə etmək imkanı verib. Nəticədə isə bu resurslar Ukraynanın dağıdılmasına yönəlir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Analitiklərin qənaətinə görə, ABŞ-ın son aylarda iqtisadi təzyiqlərdən imtina etməsi yalnız Putinə sərf edir. Əgər bu meyl davam edərsə, mövcud sanksiyalar öz təsir gücünü itirəcək və Rusiya müharibəni daha az çətinliklə davam etdirəcək.
 
Putinə qarşı "səssiz razılıq" siyasəti
 
Vaşinqtonda son altı ayda Rusiya iqtisadiyyatına qarşı demək olar ki, heç bir yeni məhdudlaşdırıcı tədbir görülməyib. Analitiklərə görə, Tramp administrasiyasının bu passivliyi, bəzi hallarda isə dolayı şəkildə Rusiyaya şərait yaratması ABŞ-ın strateji mövqeyində dəyişikliklərin göstəricisidir.
 
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin aparıcı tədqiqatçısı Edvard Fişman bunu belə izah edir: "Trampın iqtisadi siyasəti əsasən təzyiq göstərmək və siyasi dividendlər əldə etməyə yönəlib. Lakin nədənsə Putinə qarşı heç bir təsir vasitəsi əldə etmək istəmir".
 
Əldə olunan sənədlər göstərir ki, Çin və Honqkonqda yerləşən azı 130 şirkət Rusiyaya yüksək texnologiyalı komponentlər, o cümlədən kompüter çipləri və həssas hərbi detallar göndərir. Bu şirkətlərin heç biri indiyədək ABŞ və ya Avropa İttifaqı sanksiyalarına məruz qalmayıb. Məhz bu faktlar Qərbin "iqtisadi müharibəsinin" boşluqlarını və Rusiyanın necə rahatlıqla həmin boşluqlardan faydalandığını ortaya qoyur.
 
Sanksiyaların yoxluğu nə deməkdir?
 
Tramp administrasiyasının Rusiyaya qarşı aktiv iqtisadi təzyiqlərdən imtina etməsi iki əsas nəticə doğurur. Birincisi, Rusiya bu fürsətdən istifadə edərək müharibəni davam etdirmək üçün öz resurslarını artırır. İkincisi, Qərb ittifaqında Ukraynaya verilən dəstəyin zəiflədiyi barədə siqnallar yayılır. Analitiklər xəbərdarlıq edir ki, əgər yeni sanksiyalar qəbul olunmazsa, Rusiya iqtisadiyyatına təsir edən mövcud mexanizmlər tədricən sıradan çıxacaq və Kremlə qarşı effektiv təzyiq vasitələri əhəmiyyətini itirəcək.
 
Rusiya iqtisadiyyatı çökür, amma silahlanma davam edir
 
Maraqlı və təzadlı məqam budur ki, Moskva iqtisadi baxımdan ciddi çətinliklərlə üzləşsə də, hərbi istehsal və müharibə üçün resurs ayırmaqda davam edir. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina artıq rəsmi şəkildə yeni iqtisadi inkişaf modelinə ehtiyac olduğunu bəyan edib. İqtisadi İnkişaf naziri Maksim Reşetnikov isə ölkənin faktiki olaraq tənəzzül həddinə çatdığını etiraf edib.
 
Bank sektoru da təzyiq altındadır. Rusiya bank sistemində gələcək 12 ay ərzində maliyyə kollapsı ehtimalı ilə bağlı həyəcan siqnalları səslənir. Bundan əlavə, iyun ayında ölkənin emal sənayesi son üç ilin ən kəskin geriləməsini yaşayıb - istehsal, yeni sifarişlər və məşğulluq sürətlə azalıb. 
 
Lakin bütün bu iqtisadi enişlərə baxmayaraq, Kreml hərbi xərc və texnoloji tədarüklərə öncəliyi qoruyur. Əgər Qərb bu prosesə qarşı effektiv iqtisadi tədbirlər görməzsə, bu zərbə yalnız Ukraynaya deyil, bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasına vurulacaq.
 
Qərbin sükutu Putini gücləndirir
 
Ukrayna üçün ölüm-dirim savaşı davam edir. Hər bir sanksiya paketi, hər bir iqtisadi məhdudiyyət bu mübarizədə nəticəyə təsir edən amildir. ABŞ-ın sanksiya siyasətindəki bu passivlik isə faktiki olaraq Putinə bir nəfəslik imkan yaradır. Artıq söhbət təkcə iqtisadi təzyiqdən deyil, ümumilikdə beynəlxalq hüququn, humanitar dəyərlərin və Avropa təhlükəsizliyinin gələcəyindən gedir.
 
Əgər Vaşinqton yenidən liderliyə iddialıdırsa, bu, konkret addımlarla sübuta yetirilməlidir. Sanksiyalar gecikdikcə, Ukrayna daha çox qan itirir, Putin isə :hərbi monstrunu" doyurmağa davam edir.
Seçilən
19
22
moderator.az

10Mənbələr