AZ

Tramp Kubaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Kuba ilə bağlı siyasətini sərtləşdirməyə dair memorandum imzalayıb. Artıq sənədin mətni Ağ Evin saytında dərc olunub. Sənəddə xüsusilə, “Kuba hökumətinə, habelə bu ada dövlətinin silahlı qüvvələrinə və təhlükəsizlik xidmətlərinə qeyri-mütənasib şəkildə fayda verən iqtisadi imkanlara son qoyulması”, “Kubaya qarşı iqtisadi embarqonun dəstəklənməsi”, o cümlədən Amerika vətəndaşlarının Kubaya turist səfərlərinə qadağa qoyulmasını tələb edən müddəalar əks olunub. ABŞ Xəzinə və Ticarət Katiblərinə prezidentin tapşırıqlarını yerinə yetirmək istiqamətində konkret addımlar atmaq üçün 30 gün vaxt verilib. Dövlət katibinə ABŞ-la qarşılıqlı iqtisadi  fəaliyyətdən qeyri-proporsional fayda əldə etdiyi iddia edilən Kuba qurumlarının siyahısını tərtib etmək tapşırılıb. Memorandumda, həmçinin qeyd olunub ki, Amerika hökuməti faktiki olaraq Kubanın siyasi rəhbərliyini deyil, həmkarlar ittifaqı liderlərini, dövlət media orqanlarının baş redaktorlarını və onların müavinlərini də sanksiyaya məruz qalan şəxslər hesab edir.

ABŞ-Kuba münasibətlərinə tarixi baxış

1960-cı ildən bu günə qədər ABŞ-Kuba münasibətləri soyuq və gərgin olaraq qalmaqda davam edir. Bunun da əsas səbəblərindən biri hər iki tərəfin fərqli siyasi ideologiyalara malik olmasıdır.  Vaşinqton ilə Havana arasındakı dostluq münasibətləri 1959-cu ildə sosialist inqilabçı Fidel Kastronun hakimiyyətə gəlməsindən sonra düşmənçiliyə çevrilib. Demək olar ki, keçən əsrin 60-cı illərin əvvəllərində ikitərəfli diplomatik-siyasi münasibətlər tamamilə dayandı. Eyni zamanda 1961-ci ildə Kastro hökuməti Kubada ABŞ-a məxsus bütün neft emalı zavodlarını milliləşdirdi və Amerikanın 1,7 milyard dollar dəyərində neft aktivlərinə həbs qoydu. ABŞ-ın o vaxtki rəhbərliyi Kastro hökumətini cəzalandırmaq üçün Kubaya qarşı hərbi kampaniyaya başladı. Hərbi əməliyyatlar zamanı xeyli sayda dinc insan həlak oldu. Bir il sonra, yəni 1962-ci ildə beynəlxalq ictimaiyyəti ciddi təşvişə salan Kuba raket böhranı baş verdi. Həmin il Kastro hökuməti Sovet İttifaqına Kuba ərazisində öz ballistik raketlərinin yerləşdirilməsinə icazə verdi. Bu da ABŞ-ın Kubanı tamamilə blokadaya almasına səbəb oldu. ABŞ 1960-cı ildən bəri Kubaya qarşı hərtərəfli ticarət embarqosunu davam etdirir. 2015-2017-ci illərdə ABŞ ilə Kuba arasında müəyyən yaxınlaşmalar olsa da, bu, ikitərəfli diplomatik-siyasi münasibətlərin bərqərar olunmasına yol açmadı. 

ABŞ-Kuba münasibətlərinin tarixi köklərinə gəlincə, bu, 19-cu əsrin əvvələrində əsasən geniş ticari əlaqələr üzərində qurulmuşdu. Həmin zaman Kuba İspaniya Krallığının koloniyası idi. ABŞ Kubanı 1848-ci ildə və 1854-cü ildə İspaniyadan qoparmağa cəhd etdi. Yalnız 1898-ci ildə Paris müqaviləsi çərçivəsində ABŞ Kubanı öz nəzarəti altına ala bildi. 1902-ci ildə Kuba öz müstəqilliyini elan etməsinə baxmayaraq, ABŞ ada üzərində siyasi və iqtisadi hökmranlığını davam etdirdi. 1952-1958-ci illərdə Fulhensiyo Batistanın hakimiyyəti dövründə ABŞ-Kuba münasibətləri çox yüksək səviyyədə idi.

Tramp Kubadakı rejimi dəyişmək istəyir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov qəzetimizə şərhində qeyd edib ki, Trampın Kubaya qarşı sərt addımlarının arxasındakı əsas məqsəd bu ölkədəki rejimi zəiflətməkdir. “Trampın ilk prezidentlik dövründə də Kubaya qarşı sərt addımlar atılırdı. İkinci hakimiyyəti dövründə də bu siyasəti davam etdirmək niyyətindədir. Ağ Evin rəhbəri həm Obama, həm də Bayden administrasiyasının Kubaya münasibətdə yumşaq siyasət yürütmək taktikasını rədd edir - Tramp Kuba məsələsində sərt və kəskin mövqeyin tərəfdarıdır. Bir sıra ekspertlər hesab edir ki, Trampın belə bir mövqe ilə çıxış etməsində əsas səbəb Kubada demokratiya və hüququn aliliyinin olmaması, insan hüquqlarının və azadlıqlarının tapdanmasıdır. Xüsusi bir məqamı da nəzərə almaq lazımdır ki, ABŞ-ın Florida ştatında güclü Kuba icması mövcuddur. Həmin icma respublikaçıların əsas dayaq nöqtələrindən biridir. ABŞ-ın hazırkı Dövlət katibi Marko Rubio da kubaəsillidir. ABŞ-dakı kubalılar Kubadakı rejimin dəyişməsini istəyirlər. Tramp da bu məsələdə Kuba icmasına vədlər verib. Bu baxımdan Trampın Kuba ilə bağlı mövqeyi heç bir təəccüb doğurmamalıdır”. Ekspert əlavə edib ki, Kuba ABŞ-ın milli təhlükəsizlik strategiyasında ilkin prioritetlərdən biri hesab olunur: “Trampın Kuba ilə bağlı mövqeyində geosiyasi və geoiqtisadi amilləri də nəzərə almaq lazımdır. 1960-cı ildən bəri Kuba ABŞ üçün itirilmiş imkanlar funksiyasını daşıyır. Fidel Kastro hakimiyyətə gəlməmişdən əvvəl ABŞ Kubada böyük və geniş iqtisadi-ticari imkanlara malik idi. Ölkədə kommunistlər hakimiyyəti ələ aldıqdan sonra ABŞ bütün bu imkanları itirdi. Eyni zamanda Kuba potensial olaraq ABŞ üçün təhdid mənbəyi olaraq qalır. Milli təhlükəsizlik baxımından, Kubadakı rejimin mövcudluğu ABŞ-ın strateji maraqlarına uyğun deyil. Qrenlandiya ABŞ-ın milli təhlükəsizlik strategiyasında nə qədər xüsusi əhəmiyyət kəsb edirsə, Kuba da o qədər əhəmiyyət daşıyır. Tramp administrasiyası maksimum səviyyədə Kubadakı rejimi zəiflətməyə çalışacaq. Bunun yolu da iqtisadi sanksiyaların və embarqoların sərtləşdirilməsindən keçir”. 

Yunis ABDULLAYEV

Seçilən
20
50
yeniazerbaycan.com

10Mənbələr