Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.
İran və İsrail arasında baş vermiş və ABŞ-nin vasitəçiliyi ilə dayandırılmış müharibə Yaxın Şərqdəki güc balansını dəyişib.
Bakıvaxtı.az xatırladır ki, müharibədən öncə ABŞ və İran arasında müəyyən kanallar vasitəsilə gedən danışıqlar münaqişə ilə birlikdə dondurulmuşdu. Lakin son günlər Vaşinqtonun yenidən Tehranla dialoqu bərpa etməyə çalışması diqqət çəkir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun İranla nüvə proqramı ilə bağlı danışıqlara başladığı bildirilib.
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi ekspert Züriyə Qarayeva Bakıvaxtı.az-a deyib ki, ilk növbədə, ABŞ-nin bu təşəbbüsünün arxasında post-müharibə dönəmində regionda vəziyyəti sabitləşdirmək istəyi dayanır. Vaşinqton müharibənin qarşısını alaraq vasitəçi kimi öz mövqeyini gücləndirdi. İndi isə nüvə məsələsi üzərindən həm İranı nəzarətdə saxlamaq, həm də İsraili sakitləşdirmək istəyir:
“Trampın ikinci dönəmi daha çox “məsuliyyətli güc” doktrinasına bənzəyir - bir tərəfdən sərt ritorika, digər tərəfdən gizli və çevik diplomatiya”.
ABŞ-İran dialoqunun bərpa edilib-edilməyəcəyindən danışan ekspert hesab edir ki, bu asan olmayacaq, amma mümkündür. Dediyinə göeə, müharibə çox şeyi dəyişdi:
“Hər iki tərəf ciddi itkilər verdi - həm siyasi, həm iqtisadi. Amma hazırkı mərhələdə Tehran da, Vaşinqton da münaqişənin təkrarlanmasının qarşısını almaq istəyir. Danışıqların əsas məqsədi təkcə nüvə proqramı deyil, həm də regiondakı silahlı qruplaşmalar, raket proqramı və iqtisadi sanksiyalardır”.
Tramp administrasiyasının mövqeyini əvvəlki prezidentlik dönəmi ilə müqayisə edən Qarayeva qeyd edib ki, əvvəlki dövrdə Tramp “maksimum təzyiq” siyasəti yürüdürdü. İndi isə daha çox “selektiv təmas” modelindən istifadə olunur. Müsahibimiz bildirib ki, Tramp hələ də İranı təhdid kimi görür, lakin qarşı tərəflə minimum konsensus yaratmaq üçün diplomatik kanallar saxlanılır. Stiven Uitkoffun fəaliyyəti də bu siyasətin parçasıdır.
Tehranın bu danışıqlara necə yanaşmasına gəlincə, politoloqa görə, İran daxilində fikir ayrılığı var:
“Mühafizəkar dairələr ABŞ-a güvənmir, lakin texnokratlar və siyasi çevrələr iqtisadi blokadan çıxış yolunu bu danışıqlarda görür. Müharibədən sonra yaranan humanitar və iqtisadi böhran İran üçün qərarla bağlı düşünməyə vadar edir”.

Züriyə Qarayeva: Tramp hələ də İranı təhdid kimi görür, lakin konsensus yaratmaq üçün diplomatik kanallar saxlanılır
“Bu proses regional geosiyasi düzəni necə dəyişə bilər” saulını cavablandıran Z.Qarayevanın sözlərinə görə, əgər ABŞ və İran arasında müəyyən razılaşma əldə olunarsa, bu, bölgədəki gərginliyi azaltmaqla yanaşı, Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə və İsrailin siyasətində də yenidənqurma yarada bilər. Bu həm də Çinin regiondakı artan təsirinə qarşı ABŞ-nin balanslaşdırma cəhdi kimi başa düşülə bilər.
“ABŞ bir neçə məsələni hədəfləyir: İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq, İsrailin təhlükəsizliyini təmin etmək, Körfəz ölkələri ilə münasibətləri sabit saxlamaq və ən əsası, Trampın ikinci dönəmində uğurlu xarici siyasət mirası formalaşdırmaq. Bu danışıqlar həm də Vaşinqtonun regional liderliyini təsdiqləmək cəhdidir”, - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.