AZ

Hakan Çalhanoğlu ''İnter''də qalmaqala səbəb oldu: ''Getmək istəyən gedə bilər''

‘’Inter’’ və Türkiyə yığmasının yarımmüdafiəçisi Hakan Çalhanoğlunun ''Qalatasaray''a mümkün transferi mövzusunda yeni önəmli olaylar yaşanır.
"Football-plus.az" xəbər verir ki, zədəli olduğu üçün Klublararası Dünya Çempionatında Milan nəhənginə kömək edə bilməyən türkiyəli ulduzun İstanbul nəhənginə keçidi günü-gündən daha real görsənir. ''İnter''də bu mövzu artıq ciddi müzakirələrə və hətta qalmaqala səbəb olub.

"Neradzurra''nın prezidenti Cuzeppe Marotta Hakanla bağlı suallara belə cavab verib:
''Mətbuatda çıxan xəbərlər bizim bildiklərimizdən fərqli deyil. Hakan hazırda tətildədi və mövsümöncəsi hazırlıq dönəmində yenidən aramıza qatılacaq. Hazırda onun bizdən ayrılacağına dair heç bir işarə yoxdu''.

''İnter''in ''Fluminense'' önündə şok məğlubiyyət yaşayaraq Klublararası Dünya Çempionatında mübarizəni dayandırmasının ardından bu mövzuda yeni və daha sərt açıqlamalar gəldi. Kapitan Lautaro Martines ad çəkməsə də, Hakanı üstüörtülü şəkildə yıxıb-sürüdü:
''Burdan bir söz söyləmək istəyirəm. ''İnter''də qalmaq istəyən futbolçu bunu həqiqətən ürəkdən istəməlidi. Çünki biz burda hədəflər uğrunda mübarizə aparırıq. Qalmaq istəyən qalacaq, getmək istəyən gedəcək. Son vaxtlar xoşuma gəlməyən bəzi şeylər görürəm. Mən bu komandanın kapitanıyam və zirvədə qalmaqda davam etmək istəyirəm. Bir daha deyirəm ki, ayrılmaq istəyən ayrıla bilər''.
Daha sonra jurnalistlər kapitanın bu sərt sözləri ilə bağlı Marottadan fikir öyrəndilər.

Prezident bunları dedi:
''Bəli, bir futbolçu ayrılmaq istədiyini söyləsə, qapı onun üzünə açıqdı. Lautaro ad çəkmədi, amma mən ad çəkirəm. Bu sözlər Hakan Çalhanoğluya aiddi. Hərçənd onu qurbanlıq qoyun elan etməməliyik. Əvvəlcə özü ilə danışıb hər şeyi aydınlaşdırmalıyıq. Transfer dönəmi bu gün rəsmən başladı. Ayrılmaq istəyən futbolçu konkret ortaya fikir qoymalıdı. Bu günə qədər heç bir oyunçu bizə ayrılmaq istədiyini bildirməyib''.

Ötən mövsüm 47 rəsmi oyunda aktivinə 11 qol, 8 məhsuldar ötürmə yazan 31 yaşlı futbolçunun ''İnter''lə 2027-ci ilə qədər müqaviləsi var.

Daha öncə qeyd edilirdi ki, ''İnter'' ən azı 30 milyon avro tələb edir və Çalhanoğlu bu məbləği aşağı salmaq üçün rəhbərliklə danışıqlar aparır.
Seçilən
15
44
football-plus.az

10Mənbələr