İtaliyanın “İnter” klubunda ciddi daxili gərginlik yaşanır.
“Qafqazinfo” xəbər verir ki, komandanın kapitanı Lautaro Martinez komanda yoldaşı Hakan Çalhanoğlununa ünvanlandığı açıq şəkildə hiss olunan sərt açıqlamalarla gündəmə gəlib.
Bu gərginlik isə futbol üzrə Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində “İnter”in “Fluminense”yə 0:2 hesablı məğlubiyyətindən sonra yaranıb.
Oyun sonrası müsahibə verən L.Martinez formanın dəyərini bilməyənlərin komandada yerinin olmadığını deyib:
“Burada qalmaq istəyənlər qalacaq, getmək istəyənlər isə dərhal gedə bilər. Biz formanın ağırlığını daşıya biləcək futbolçulara ehtiyac duyuruq”.
Bu sözlərin birbaşa ünvanı açıqlanmasa da, İtaliya və Türkiyə mətbuatında yayılan xəbərlərə əsasən, Martinez bu mesajı Hakan Çalhanoğluna yönəldib. İddialara görə, türkiyəli yarımmüdafiəçi klubdan ayrılmaq istədiyini bəyan edib və məhz bu səbəbdən dünya çempionatında iştirak etməyib.
“İnter”in prezidenti Cuzeppe Marotta da məsələyə münasibət bildirib. O, kapitanın açıqlamalarını təsdiqləyərək sözlərin Hakan Çalhanoğluna ünvanlandığını etiraf edib:
“Əgər bir futbolçu qalmaq istəmirsə, qapımız sonuna qədər açıqdır. Amma Hakanı günahkar elan etməməliyik. Onunla bu məsələni açıq şəkildə müzakirə edəcəyik”.
Bu açıqlamalara cavab olaraq Hakan Çalhanoğlu da sosial media hesabından emosional bir paylaşım edib. Zədəsi səbəbindən Klublararası Dünya Çempionatında iştirak edə bilmədiyini açıqlayan 30 yaşlı futbolçu komandaya sədaqətli olduğunu vurğulayıb:
“Peşəkar həyatımda heç vaxt bəhanə arxasında gizlənməmişəm. Mən həmişə ön cəbhədə olmuşam. Kim necə istəyir düşünə bilər, amma mən bu klub üçün can qoymuşam.”
Təcrübəli yarımmüdafiəçi həmçinin bölücülük yaradan açıqlamalara qarşı olduğunu, “İnter”in birlik və həmrəylik ruhu ilə irəliləməli olduğunu qeyd edib.
Xatırladaq ki, Hakan Çalhanoğlu ötən mövsüm “İnter” forması ilə 47 oyunda 11 qol və 8 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfer bazarındakı dəyəri isə təxminən 30 milyon avro olaraq göstərilir.
Hazırda klub daxilində danışıqların davam etdiyi və rəhbərliyin bu böhranı sakit şəkildə həll etməyə çalışdığı bildirilir.

