AZ

Dünya çempionatı: Daha bir klub 1/4 finala yüksəldi

BAKI. 2 iyul. TELEQRAF

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, Mayami şəhərindəki "Hard Rok" stadionunda İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gəlib.

Görüş "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 54-cü dəqiqədə Qonsalo Torres vurub. Qrup mərhələsinin oyunlarını səhhətindəki problemlərlə əlaqədar buraxmış Kilian Mbappe 68-ci dəqiqədə Torresi əvəzləyərək, klublararası dünya çempionatında debüt edib.

Bu matçda hər iki komandada Türkiyə millisinin futbolçuları start heyətində çıxış edib. "Real Madrid"in futbolçusu Arda Güler 77-ci dəqiqədə Luka Modriçlə, "Yuventus"un oyunçusu Kenan Yıldız isə 71-ci dəqiqədə Teun Koopmeynerslə əvəzlənib.

"Real Madrid"in 1/4 finaldakı rəqibi bu gecə Bakı vaxtı ilə saat 05:00-da başlanacaq "Borussiya Dortmund" (Almaniya) - "Monterrey" (Meksika) görüşünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl keçirilmiş 1/8 final oyunlarından sonra növbəti mərhələdə Braziliya təmsilçilərindən "Palmeyras"ın İngiltərənin "Çelsi", "Fluminense"nin Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə, Fransa PSJ-sinin isə Almaniya "Bavariya"sı ilə üz-üzə görüşəcəyi məlum olub.

Seçilən
7
2
teleqraf.com

10Mənbələr