Moskvada hələ də düşünürlər ki, SSRİ-ni başqa formatda bərpa etmək olar. Lakin dünyadakı güc balansı dəyişib, Kreml isə bunu anlamaq istəmir.
NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü, politoloq Zaur İbrahimli deyib.
Onun sözlərinə görə, Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqına Rusiyanı təhrik edən şey Azərbaycanın müstəqil xarici siyasət yürütməsidir:
“Azərbaycanın qətiyyətli, prinsipial mövqeyi və yeni geosiyasi reallıqlar yaratması bəzi dairələri narahat edir. Azərbaycan müstəqil xarici siyasət yürüdərək milli maraqlarını əsas götürür və bu maraqlara uyğun şəkildə addımlar atır. Bu zaman xarici siyasətin əsas meyarını Azərbaycanın milli maraqları təşkil edir. Azərbaycan heç bir halda suverenliyindən güzəştə getmir və həm regiondakı qonşu dövlətlərlə, həm də dünyadakı aparıcı ölkələrlə bərabərhüquqlu münasibətlər qurmağa çalışır”.
Z.İbrahimli Azərbaycanın qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlər sistemi qurduğunu söyləyib:
“Azərbaycanın bu siyasəti isə Kremlin strateqlərinin imperiya maraqlarına ziddir. Hələ də Moskvada düşünürlər ki, SSRİ-ni başqa formatda bərpa etmək olar, Cənubi Qafqaz, Mərkəzi Asiya və Baltikyanı ölkələri Rusiyanın kiçik “tərəfdaş”ı statusundadır. Moskva onlarla direktivlər əsasında danışa bilər”.
Politoloq qeyd edib ki, Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin gərginləşməməsi üçün çalışıb, heç vaxt anti-Rusiya koalisiyalarına qoşulmayıb:
“Rusiya üçün mühüm olan nəqliyyat və logistika məsələlərində də əməkdaşlıqdan çəkinməyib. Amma çox təəssüf ki, Azərbaycanın bu konstruktiv qonşuluq siyasəti Kremldə lazımi səviyyədə qiymətləndirilməyib. Rusiya Azərbaycanın strateji əhəmiyyətini obyektiv analiz etməyib və nəzərə almayıb. Görünür ki, köhnə imperiya düşüncəsinin davamı olaraq, Azərbaycana qarşı təhdid, şantaj və qorxu siyasəti tətbiq olunur”.
QHT rəsmisi vurğulayıb ki, bu qorxu siyasətinin icrasında Azərbaycan vətəndaşlarına qarşı irqçilik, diskriminasiya, ksenofobiya və insanlığa sığmayan cinayətlər alət kimi istifadə olunur:
“Hesab edirlər ki, bu təzyiqlərlə Azərbaycanı öz yolundan döndərə bilərlər və suverenliyini güzəştə məcbur edə bilərlər. Lakin çağdaş tariximiz göstərdi ki, Azərbaycan öz ərazilərinin 30 il işğalda qalmasına, təcavüzə məruz qalmasına baxmayaraq, heç vaxt müstəqilliyindən geri çəkilmədi. Torpaqlarını hərbi və siyasi yollarla azad etmək hüququndan imtina etmədi. Böyük dövlətlərin təzyiqləri belə onu dayandıra bilmədi. Rusiya da artıq bu reallığı nəzərə almalıdır. Əksini düşünmək sadəlövhlük olar”.
Z.İbrahimli Azərbaycanın da artıq Yekaterinburq hadisələri ilə bağlı adekvat addımlar atdığını diqqətə çatdırıb:
“Rusiya mədəniyyət xadimlərinin və mədəniyyət qurumlarının tədbirləri Azərbaycanda təxirə salınıb. Azərbaycan vətəndaş cəmiyyəti bu addımları dəstəkləyir. Rusiya ilə münasibətlərdə adekvat mövqe sərgilənməsi ilə bağlı cəmiyyətdə konsensus mövcuddur. Biz vətəndaş cəmiyyəti olaraq Azərbaycan hökumətinə çağırış edirik. Əgər Rusiya tərəfindən adekvat addımlar atılmasa, Azərbaycanın da sərt addımları davam etsin. İkitərəfli münasibətlər yalnız o zaman normallaşa bilər ki, Rusiya bu addımları atsın — Azərbaycana qarşı törədilən cinayətlərdə iştirak edənlər məsuliyyətə cəlb olunsun, cəzalandırılsın, Azərbaycan tərəfinin hüquqları tanınsın, kompensasiya ödənilsin və Rusiya qonşuluq münasibətlərində sülh və qarşılıqlı hörmətə əsaslanan siyasət yürütsün”.