Ağdamda ECO Gənclər Forumu çərçivəsində "Ölkə Müdaxilələri: Gənclərin Milli Strategiyalarının Dayanıqlı İnkişafa Töhfəsinin Qiymətləndirilməsi” üzrə Milli Perspektivlər mövzusunda panel sessiya keçirilib.
"Report xəbər verir ki, sessiyaya Gənclər və İdman Nazirliyinin məsul işçisi Şərqiyyə Həsənova moderatorluq edib.
Sessiya Pakistan Baş nazirinin Gənclər Proqramının Sədri Rana Mashhood Əhməd Xanın ünvanladığı videomüraciətlə başlayıb. O, müraciətində qeyd edib ki, Gənclər forumu üzv dövlətlərin gənclərinin əməkdaşlığının formalaşdırılmasına töhfə verəcək:
"Pakistan davamlı şəkildə su ehtiyatlarının qıtlığı, kəskin sel-daşqınlarla üzləşir. Kimyəvi maddələrin qeyri-peşəkar istifadəsi ölkəmizdə insan sağlamlığına ziyan vurur. Hesab edirik ki, hava və iqlim proqnozları ilə bağlı ilkin xəbərdarlıq mexanizmlərinin inkişafı vacibdir. İstərdik ki, dünya öz səylərini birləşdirib, cəmiyyətin müxtəlif tərəflərini bir araya gətirərək problemlərin həllinə nail olsun".
Tədbirdə "D-8"in baş katibi İsiaka Abdulqadir İmamın da videomüraciəti yayımlanıb. O müraciətində vurğulayıb ki, "D-8"in digər təşkilatlardan fərqi inkişafda olan ölkələrə dəstəyidir:
"Biz çalışırıq bu və ya digər ölkələrdə icmalara, ailələrə problemlərin həllində dəstək olaq. Məsələn, Banqladeş "D-8"in Gənclər Forumunu təşkil edib. Həmin forum təşkilatin tarixində ilk idi. "D-8" üzvlərinin məqsədi qlobal problemlərin həllində gənclərin rolunu gücləndirməkdir".
O diqqətə çatdırıb ki, "D-8" ölkələri 2026-ci ildən etibarən tələbə mübadiləsini həyata keçirəcək. Bununla bağlı artıq müvafiq qərar qəbul edilib.
Müzakirələrdə Türkiyənin ECO-dakı Gənclik Nümayəndəsi Mustafa Beydilli, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin şöbə müdiri Almagül Kutanova, Tacikistanın Suqd vilayətinin Gənclər və İdman İdarəsinin rəisi Bəxtiyar İsmətzadə, Özbəkistanın Dünya Gənclər Ofisinin rəhbəri Cəsurbek Kamilov, Azərbaycanın Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, Məqtimqulu adına Türkmənistan Gənclər Təşkilatının Aşqabad şəhəri Berkararlık rayon şurasının sədri İsmayıl Yakubov iştirak ediblər.
Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatındakı gənclik nümayəndəsi Mustafa Beydilli bildirib ki, region və dünyanın üzləşdiyi çağırışlar iqlim dəyişmələri ilə yaxından bağlıdır:
"Məhz gənclərin bu problemlərə cəlb edilməsi bizi daha çox irəli aparacaq. Türkiyə həm regional, həm də qlobal səviyyədə bu proseslərdə iştirak edir. 2025-ci ildən regional tərəfdaşlığı gücləndirmək, öz təşəbbüslərimizlə çıxış etmək niyyətindəyik".
Tacikistanın Suqd vilayətinin Gənclər və İdman İdarəsinin rəisi Bəxtiyar İsmətzadə vurğulayıb ki, Tacikistanda orta yaş 22.5-dir:
"Bu baxımdan, Tacikistanı "Gənclər ölkəsi" adlandırırlar. Dövlətimiz gənclər siyasətinə, savadlı, aktiv gənclərin yetişdirilməsinə xüsusi önəm verir. Gənclər siyasətində əsas yeri siyasi tərbiyə tutur. Bizim üçün vacibdir ki, hər bir gənc öz tarixini, keçmişini yaxşı bilsin, ictimai prosesləri qavrasın".
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin şöbə müdiri Almagül Kutanova isə diqqətə çatdırıb ki, Qazaxıstanın gənclər siyasəti bir sıra qanunvericilik aktları ilə tənzimlənir:
"Qazaxıstanda dövlət idarəçilik sektorunda istedadlı gəncləri üzə çıxarmaq və onlara dəstək olmaq məqsədilə 2019-cu ildə dövlət proqramı başladılıb. Gənclərin ekoloji fəaliyyətə cəlb edilməsi üçün “Yaşıl el” proqramı təsis edilib. Narkomaniya ilə mübarizə tədbirləri də gücləndirilir. Qazaxıstanda 2025-ci il məşğulluq ili elan edilib. Bu sahələrdə fəaliyyət göstərən gənc və tələbələrə dəstək veriləcək".
Türkmənistanın gənclər siyasətindən danışan Məqtimqulu adına Türkmənistan Gənclər Təşkilatının Aşqabad şəhəri Berkararlık rayon şurasının sədri İsmayıl Yakubov isə vurğulayıb ki, Türkmənistan müsbət neytrallığın tərəfdarıdır:
"Biz inanırıq ki, bu cür tədbirlər daha yaxşı gələcəyin, ahəngdarlığın təmin edilməsinə xidmət edəcək".
Panel gənclər siyasəti mövzusunda müzakirələrlə davam edib.