AZ

“Tələbələrarası Azərbaycan Kuboku” layihəsinin final mərhələsi keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 1 iyul, AZƏRTAC

Bakıda ilk dəfə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Tələbələrarası Azərbaycan Kuboku” layihəsinin final mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, layihə 2025-ci ilin mart ayından etibarən Azərbaycanın 9 regionundan və Bakı şəhərindən ümumilikdə 28 ali təhsil müəssisəsinin tələbələrini əhatə edərək üç seçim və bir final mərhələsindən ibarət olmaqla həyata keçirilib.

Seçim turlarında 200-dən artıq komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. Yarışın reqlamentinə uyğun olaraq, 32 komanda final mərhələsinə yüksəlib.

Final mərasimində çıxış edən layihə rəhbəri Azad Manaflı bildirib ki, “Universitet liqası” çərçivəsində keçirilən “Tələbələrarası Azərbaycan Kuboku” layihəsinin ilk dəfə təşkil olunmasına baxmayaraq, tələbələrin bu cür təşəbbüslərdə fəal iştirakı təşkilat üçün prioritet istiqamətlərdəndir. O əlavə edib ki, növbəti tədris ilindən etibarən “Universitet Liqası” daha fərqli formatda və daha geniş miqyasda keçiriləcək.

Tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, tələbələrin intellektual inkişafı Azərbaycan gənclər siyasətinin əsas prinsiplərindən biridir. Nazir Xəzər İntellektual Gənclər Klubunun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirərək, bu cür layihələrin davamlı təşkil edilməsini arzulayıb və final iştirakçılarını təbrik edib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev bildirib ki, Azərbaycan təhsili bu gün inkişaf strategiyasına uyğun şəkildə transformasiya mərhələsindədir. O, intellektual potensiala malik gənclərin ölkəmiz üçün hər zaman önəmli olduğunu vurğulayaraq, layihədə tərəfdaş qismində iştirakdan məmnunluğunu ifadə edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Final mərhələsində keçirilən gərgin və maraqlı intellektual mübarizə nəticəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Vendetta” komandası birinci yeri tutub. Azərbaycan Tibb Universitetinin “Old School” və “HipHoprat” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Qaliblər təşkilatçılar tərəfindən kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar. 2025-ci il üzrə “İlin klubu” nominasiyasında isə Qarabağ Universitetinin intellektual oyunlar klubu fərqlənərək təşkilat tərəfindən mükafatlandırılıb.

Layihə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, Xəzər İntellektual Gənclər Klubu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tələbələrin artan marağını nəzərə alaraq, növbəti ildən “Universitet Liqası” layihəsi ölkənin bütün ali təhsil müəssisələrini əhatə etməklə daha geniş miqyasda təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
4
azertag.az

10Mənbələr