AZ

Qadınların pensiya yaşı niyə artırılır? - Açıqlama

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay oldu. 
Qeyd edək ki, qadınların pensiya yaşı 6 ay artırılaraq 64 il 6 ay müəyyən edilib. Hazırda kişilərin pensiyaya çıxma yaşı 65-dir. Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların pensiya yaşı isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Mövzu ilə bağlı Moderator.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycan hökuməti bir tərəfdən gender bərabərliyini, digər tərəfdən isə əhalinin orta ömür uzunluğunu nəzərə alaraq belə bir qərar qəbul edib. Məqsəd ondan ibarətdir ki, həm qadınlar, həm də kişilər 65 yaşında pensiyaya çıxsın.
Lakin ekspertin sözlərinə görə, bu yanaşma hətta hökumətin öz kriteriyalarına uyğun gəlmir. Belə ki, qadınlarda orta ömür uzunluğu 74 ildir. Əgər qadın 65 yaşında pensiyaya çıxırsa, bu halda hökumət pensiya ödənişini cəmi 9 il həyata keçirir:
 “Halbuki “Əmək pensiyaları haqqında” Qanuna əsasən, dövlət hər bir pensiyaçının orta ömür uzunluğuna uyğun olaraq təxminən 12 il pensiya almasını təmin etməlidir. Əgər qadın 65 yaşında pensiyaya çıxırsa və onun orta ömür uzunluğu 74 il təşkil edirsə, bu halda dövlətin pensiya vermə öhdəliyi yalnız 9 il yerinə yetirilmiş olur. Qadınlar üçün nəzərdə tutulan pensiya öhdəliyinin azı 3 ili yerinə yetirilmir. Yəni dövlət həmin 3 il üçün də pensiya verməli olduğu halda, vətəndaş bu yaşa çatmadan dünyasını dəyişir və nəticədə həmin vəsait ödənilmir”.
Bundan əlavə, iqtisadçı vurğulayıb ki, qadınların 40-50 yaşdan sonra iş tapmaqda ciddi çətinlikləri var. Bu isə artıq ciddi sosial problemdir. Belə halların qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir və bu məsələnin pensiya yaşı ilə əlaqəsi yoxdur.
Ekspertin fikrincə, hökumətin məqsədi qadın və kişilərin pensiya yaşını 65-ə çatdırmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə qənaət etməkdir. Lakin bu yanaşma əhalinin sosial rifahının aşağı düşməsi ilə nəticələnir.
 
Mehin Mehmanqızı
 
Seçilən
28
50
moderator.az

10Mənbələr