Bu ilin avqustunda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasında elektrik enerjisinin mərhələli istehsalına başlanılacaq.
Bu barədə “Report”a Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven məlumat verib.
Onun sözlərinə görə, ilk külək turbini 2024-cü ilin noyabrında quraşdırılıb: "Bu günə qədər Abşeron rayonundakı (Qobustan) ərazidə 12 turbinin quraşdırılması başa çatıb, onların 2025-ci ilin üçüncü rübündə işə salınması gözlənilir. Xızı ərazisində avadanlıqların quraşdırılması prosesi isə davam edir".
S.Güven vurğulayıb ki, külək parkının 2025-ci ilin dördüncü rübündə tam istismara verilməsi planlaşdırılıb.
240 MVt gücündə olan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi Azərbaycanda müstəqil əsasda yaradılan ilk irimiqyaslı külək enerjisi layihəsidir və müstəqil enerji istehsalı (IPP) modeli əsasında həyata keçirilir. Bu layihə ölkənin bərpa olunan enerji mənbələrinə keçid prosesində mühüm rol oynayır.
"Tikinti işləri başa çatdıqdan sonra külək parkı ildə 907 GVt/saat təmiz elektrik enerjisi istehsal edəcək ki, bu da 300 mindən çox ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan verəcək", - S.Güven qeyd edib.
Onun sözlərinə görə, bu, həmçinin ildə təxminən 400 min ton karbon qazı emissiyalarını azaltmağa şərait yaradacaq ki, bu da Azərbaycanın dayanıqlı inkişaf və dekarbonizasiya sahəsində milli hədəflərə nail olmasına töhfə verəcək".
Qeyd edək ki, külək elektrik stansiyası Abşeron (sahə 1) və Xızı (Xızı 3) rayonlarının ərazilərini, o cümlədən Çaylı və Sitalçay kəndlərini əhatə edir. Layihə çərçivəsində 12-si Abşeronda, 25-i isə Xızıda olmaqla 37 külək turbininin quraşdırılması nəzərdə tutulub.