AZ

Tramp Suriyaya qarşı bəzi sanksiyaları ləğv etdi

Finss.az - ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı bəzi sanksiyaların yumşaldılmasına dair fərman imzalayıb.

Ağ Evin yaydığı məlumata görə, imzalanan sənəddə Suriyaya qarşı ümumi sanksiyaların ləğv edildiyi, lakin ölkənin sabiq prezidenti Bəşşar Əsəd, onun yaxın çevrəsi, insan haqları pozuntularına görə məsuliyyət daşıyan şəxslər, kimyəvi silah proqramında iştirak edənlər və İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı məhdudiyyətlərin qüvvədə saxlanıldığı vurğulanıb.

Fərmana əsasən, ABŞ Dəməşqə qarşı tətbiq edilən ixrac nəzarətini də yumşaltmağa hazırlaşır. Həmçinin ABŞ administrasiyası Suriyaya qarşı BMT səviyyəsindəki sanksiyaların da azaldılması imkanlarını araşdıracaq.

Ağ Evin sözçüsü Kerolayn Levit bildirib ki, bu qərar Suriyanın sabitliyə və sülhə doğru addımlarını dəstəkləmək məqsədi daşıyır.

Bununla belə, bəzi sanksiyaların tam ləğvi üçün ABŞ Konqresinin də təsdiqi tələb olunacaq.

Qeyd edək ki, ABŞ Suriyanı 1979-cu ildən etibarən terrorizmin sponsoru olan ölkələr siyahısına daxil edib və bu əsasda geniş sanksiyalar tətbiq olunub. Prezident Tramp dövlət katibi Marko Rubiaya həmin siyahının yenidən nəzərdən keçirilməsi barədə göstəriş verib.

Xatırladaq ki, bu ilin may ayında Avropa İttifaqı da Suriyaya qarşı iqtisadi sanksiyaları dayandırmaq qərarı verərək, bu addımı ölkənin bərpa prosesinə dəstək kimi əsaslandırmışdı.

Seçilən
6
19
fins.az

10Mənbələr